Cümə günü müxalifətin İrəvanda keçirdiyi etiraz aksiyası zamanı Ermənistanın sabiq prezidenti Robert Köçəryanın polis tərəfindən saxlanılan oğlu Levon xəstəxanaya yerləşdirilib.
Levon Köçəryanın vəkili Aleksandr Koçubayev sabiq prezidentin oğlunun xüsusi təyinatlılar tərəfindən döyüldüyünü və təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparıldığını sosial şəbəkələrdə yazıb.
Bir müddət öncə isə Ermənistan mediası Levon Köçəryanın avtomobildə polis tərəfindən döydüldüyünü əks etdirən kadrları yayımlayıb.
Ermənistan polisinin məlumatına görə, gün ərzində İrəvanda hökumət əleyhinə keçirilən aksiyaların 84 iştirakçısı saxlanılıb. Onlar hüquq-mühafizə orqanları nümayəndələrinin qanuni tələblərini yerinə yetirməməkdə ittiham olunurlar.
Müxalifət nümayəndələri baş nazir Nikol Paşinyanın və hökumətinin istefasını tələb edirlər. “Daşnaksütyun” partiyasının nümayəndəsi İşxan Saqatelyanın sözlərinə görə, parlamentdəki müxalifət fraksiyası Paşinyana qarşı impiçment prosesinə təşəbbüs göstərəcək.