Qarabağda Azərbaycan lokal antiterror tədbirləri həyata keçirəndən sonra ilk dəfə Rusiya rəsmiləri ən ali səviyyədə bunun Azərbaycanın daxili işi olduğunu bəyan ediblər.
Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Qarabağ Azərbaycanın daxili işidir: “Qarabağda etnik təmizləmədən danışmağa əsas yoxdur. Rusiya Federasiyası Azərbaycanın mülki hədəfləri vurmamaq vədini yerinə yetirəcəyini gözləyir. Qarabağ sakinlərinin bütün hüquqlarına hörmət edilməlidir. Rusiya Federasiyası Qarabağdakı vəziyyətin Azərbaycanın daxili işi olduğunu qəbul edir”.
Dövlət Dumasının sədri Vyaçeslav Volodin də analoji mövqe sərgiləyib. Volodin öz “Teleqram” kanalında xatırladıb ki, Qarabağda baş verənlərin səbəblərini düzgün qiymətləndirmək üçün əvvəllər qəbul edilmiş qərarları nəzərə almaq lazımdır. O qeyd edib ki, Qarabağ Azərbaycan SSR-in tərkibində olarkən hər iki tərəf keçmiş sovet respublikalarının sərhədləri daxilində bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyıb. Bu yaxınlarda Ermənistanın baş naziri Nikol Paşinyan da bunu təsdiqləyib və Qarabağın Azərbaycanın ərazisi olması ilə razılaşıb. Volodinin sözlərinə görə, bu qərarlara əsaslanaraq, hüquqi baxımdan bu gün Bakı öz ərazisində fəaliyyət göstərir və Qarabağdakı vəziyyət Azərbaycanın daxili işidir.
“Açıq şəkildə erməni ictimaiyyətinə, revanşistlərə səsləndilər ki, Paşinyan bu addımı atandan sonra Moskva nəsə edə bilmir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP Mərkəzi Şurasının sədri Rəşad Bayramovun fikrincə, Rusiya rəsmilərinin ilk dəfə belə önəmli mövqedən çıxış etmələri təsadüfi deyil: “Rusiyanın Cənubi Qafqazda maraqları var. Həmin maraqların da müdafiəsi üçün illər ərzində konkret addımlar atır. Ancaq o da bir həqiqətdir ki, Paşinyan hakimiyyətə gələndən sonra Ermənistan-Rusiya münasibətlərində gərginliklər müşahidə edilir. Periodik olaraq da bu, yüksələn xətt üzrə gedir. Bu da Rusiyada Ermənistandakı hakimiyyətə qarşı bir mövqenin formalaşmağına şərait yaradıb. Rusiya yaxşı bilir ki, onun uzun illərdir Cənubi Qafqazda var olmasının səbəbi konfliktin mövcud olma səbəbidir. Problem varsa, deməli Rusiya bölgədə qalmaq üçün ondan maksimum faydalanacaq. Ancaq nəticə etibari ilə Paşinyanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması, ərazi bütövlüyümüzü rəqəmlə (86,6 min kvadrat kilometr) göstərməsi vəziyyəti dəyişdi. Düzdür, bu, Rusiyaya sərf etmir. Belə olmasaydı, Putin, Zaxarova Paşinyanın bu qərarını kinayə ilə deməzdilər. Açıq şəkildə erməni ictimaiyyətinə, revanşistlərə səsləndilər ki, Paşinyan bu addımı atandan sonra Moskva nəsə edə bilmir. Rusiya bununla çalışır ki, Ermənistanda Paşinyana qarşı ictimai rəyi kökləsin. Sanki mesaj verirlər ki, Paşinyan Qarabağla bağlı belə addım atmasaydı, biz sona qədər maraqlarınızı qoruyacaqdıq. Paşinyan bu qərarı verdiyi üçün Qarabağda baş verənləri Azərbaycanın daxili işi kimi qəbul etməyə məcburuq. Rusiya telekanallarında, mətbuatda Paşinyan əleyhinə güclü kampaniya aparılır. Bütün bunların nəticəsində Rusiya rəsmilərinin Qarabağ məsələsini Azərbaycanın daxili işi kimi tanıması bizə olan sevgidən yox, yaranan zərurətdən qaynaqlanır. Reallıq odur ki, Ermənistan rəhbərliyi Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır”.
Vidadii ORDAHALLI