“Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər bizdən əl çəksinlər”.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində söyləyib.
“Azərbaycanın mövqeyi birmənalı şəkildə nəzərə alınmalı və Prezident İlham Əliyevin irəli sürdüyü yol xəritəsinə diqqətlə fikir verilməlidir”
Prezident İlham Əliyevin məlum çıxışı ilə bağlı fikir bildirən millət vəkili Mahir Abbaszadə “Bakı-Xəbər”ə açıqlamasında bunları dedi: “Bəzi dövlətlər və beynəlxalq təşkilatların uzun müddətdir ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin gərginləşməsində xüsusi rolu olub. Keçmiş Dağlıq Qarabağ probleminin ətrafında bəzi manipulyasiyalar edərək Azərbaycanla Ermənistan arasında münasibətlərin daha da pik həddə çatmasına səbəb olublar. Eyni zamanda, həmin qüvvələr tək Azərbaycan və Ermənistan arasında deyil, bütövlükdə Cənubi Qafqazda proseslərin qızışdırılmasında və sülh, firavan şəraitdə yaşanılmasına mənfi təsirlər edən hərəkətlər icra edib. Həmçinin, bəzi beynəlxalq təşkilatlar və dövlətlər Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına öz töhfələrini vermək əvəzinə, konktret Ermənistanın tərəfini tutaraq vəziyyəti daha da pisləşdirdilər. Həmin təşkilat və ya dövlətlərin atdığı addımlar sayəsində biz uzun müddət Ermənistanla konflikt şəraitində yaşamışıq. 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan işğal altında olan torpaqlarımızın hamısını geri qaytardı. 2020-ci ilin aprel ayında Laçın sərhəd məntəqəsinin qurulması ilə ölkəmiz öz gücünü bir daha dünyaya göstərdi. 1 günlük antiterror əməliyyatı zamanı Qarabağın ermənilər yaşayan ərazisində bütün silahlı qüvvələr tamamilə dağıdıldı. Bununla da Azərbaycanın ərazi bütövlüyü bərpa olundu”.
M.Abbaszadə onu da əlavə etdi ki, özlərini superdövlət adlandıranlar Cənubi Qafqazda apardıqları siyasətə ciddi şəkildə fikir verməlidir. Azərbaycanın mövqeyi birmənalı şəkildə nəzərə alınmalı və Prezident İlham Əliyevin irəli sürdüyü yol xəritəsinə diqqətlə fikir verilməlidir.
Günel CƏLİLOVA