“Bütün haqsızlıqlara baxmayaraq, bütün kriminal Ermənistan rejimi tərəfindən törədilmiş cinayətlərə baxmayaraq, biz erməni xalqını bu cinayətlərdə heç vaxt günahlandırmamışıq”.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində söyləyib.
Dövlət başçısı qeyd edib: “Biz Xocalı soyqırımında, şəhərlərimizin, kəndlərimizin dağıdılmasında, qəbirlərin qazılmasında erməni xalqını günahlandırmamışıq. Biz kriminal rejimin ünsürlərini, başda duranları ittiham etmişik. Biz onları məsuliyyətə cəlb edirik və edəcəyik. Bəziləri artıq öz layiqli cəzasını alıb, bəziləri də alacaqlar”.
Maraqlıdır, Prezident İlham Əliyev bəziləri də öz cəzalarını alıb və alacaq deyəndə hansı ölkəni və kimləri nəzərdə tutub?
“Azərbaycan xalqına qarşı etnik təmizləmə aparmış və ağır cinayətlər törədən şəxslərin böyük bir hissəsi hələ də azadlıqdadır, Prezident çıxışı zamanı da bunları nəzərdə tutub”
Siyasi şərhçi Mətin Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bunları qeyd etdi: “Prezident İlham Əliyev çıxışı zamanı qeyd edib ki, kriminal rejimin ünsürlərini, başda duranları ittiham etmişik, biz onları məsuliyyətə cəlb edirik və edəcəyik. Dövlət başçısı “bəziləri” deyəndə Azərbaycan xalqına xəyanət edənləri nəzərdə tutub. Müharibə cinayətlərində iştirak edən bəzi şəxslər ölkəmizə xəyanət edib. Ikinci Qarabağ müharibəsi zamanı həmin şəxslərin bəzisi fiziki olaraq məhv edilib, bir qismi isə Laçın sərhəd məntəqəsini keçərkən həbs olunub. Azərbaycan xalqına qarşı etnik təmizləmə aparmış və ağır cinayətlər törədən şəxslərin böyük bir hissəsi hələ də azadlıqdadır. Prezident çıxışı zamanı da bunları nəzərdə tutub. Məlumdur ki, bu yaxınlarda Azərbaycan hökuməti xalqımıza qarşı müharibə cinayəti törədən şəxslərin siyahısını Rusiya sülhməranlı qüvvələri vasitəsilə Qarabağın erməni icmasına təqdim edib. Həmin siyahıda adı olan şəxslər gec-tez layiqli cəzalarını alacaqlar. Onlar Azərbaycan qanunları qarşısında cavab verəcəklər”.
Günel CƏLİLOVA