“Mən bunu demişəm, bir daha demək istəyirəm, Qarabağdakı erməni əhalisi bizim vətəndaşlarımızdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində deyib.
Prezident bildirdi ki, erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistanın və Qarabağın dırnaqarası “rəhbərləri” o insanları (Qarabağın erməni əhalisini – red.) girov götürmüşdü, onların beyinlərini zəhərləmişdi. Azərbaycan haqqında, Azərbaycan xalqı haqqında olmazın yalanlarını uydurub onların beyinlərinə doldurmuşdu, onların beyinlərini zəhərləmişdi. “Mən əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək. Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur”, - deyə Prezident İlham Əliyev diqqətə çatdırıb.
Bu bəyanatların əhəmiyyəti nədir?
“Bu, sözü ilə əməli bir olan Azərbaycan Prezidentinin humanistliyini ifadə edən bəyanatdır”
Müasir İnkişaf Birliyinin sədri Mübariz Göyüşlü “Bakı-Xəbər”ə şərhində “Prezident İlham Əliyev lokal antiterror tədbirlərindən əvvəl də dəfələrlə bəyan edib ki, Qarbağın erməni sakinləri Azərbaycan vətəndaşlarıdır, onlarla heç bir problemimiz yoxdur. Dövlət səviyyəsində həmişə bəyan edilib ki, Azərbaycanın hədəfi oradakı separatçı xuntanı zərərsizləşdirmək, onlara layiq olduqları cəzanı vermək və erməni sakinləri onların girovluğundan azad etməkdir. Azərbaycan konstitutsiyasına zidd davranan separatçı, terrorçu qüvvələrin sıradan çıxarılması əsas hədəf olub. Prezidentin xalqa müraciətində Qarabağda yaşayan erməni əhalisi ilə bağlı səsləndirdiyi bəyanatın əhəmiyyəti çox böyükdür, bu o deməkdir ki, onlar da dövlətimizin digər vətəndaşları ilə eyni hüquqa malik olacaqlar və sosial rifah halları yaxşılaşacaq, həyat şəraitləri yüksələcək. Bu, sözü ilə əməli bir olan Azərbaycan Prezidentinin humanistliyini ifadə edən bəyanatdır . Prezident bir daha bəyan etdi ki, bizim sadə erməni sakinlərlə problemimiz, ədavətimiz yoxdur, onlar bizim vətəndaşlarımız olaraq orada həyatlarını davam etdirə bilərlər. Prezident açıq bəyan etdi ki, Azərbaycan dövləti onlara yaşamaq, fəaliyyət göstərmək, işləmək, oxumaq və sair istiqamətlərdə şərait yaratmağa hazırdır. Hesab edirəm ki, bu bəyanatlar onların reinteqrasiyasını daha da sürətləndirəcək. 30 ildən çox bir müddətdə xunta rejiminin boyunduruğu altında yaşamağa məcbur edilən erməni sakinləri artıq rahat nəfəs ala bilirlər”.
Onların hüquqları ilə bağlı məsələyə gəlincə, M.Göyüşlü qeyd etdi ki, onlar vətəndaşlıq alandan sonra digər vətəndaşlarımız kimi bütün hüquqlardan, imtiyazlardan istifadə edəcəklər, əsl dövlət qayğısının nə olduğunu görəcəklər. “Uzun illər istismar edilən, düşünmək, müstəqil qərar vermək hüququ əlindən alınan erməni sakinləri artıq firavan, təminatlı bir həyat gözləyir. Bu bəyanatların həm də əhəmiyyəti odur ki, bütün dünya bizim sadə ermənilərlə heç bir problemimiz olmadığını görsün. Onlar görsünlər ki, biz o insanlara dəstək verməyə hazırıq, onların reinteqrasiyasına şərait yardırıq”-deyə M.Göyüşlü əlavə etdi.
İradə SARIYEVA