Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlax görüşünün sentyabrın 21-də keçirilməsi, görüş üçün məhz bu günün seçilməsi diqqət çəkir. Sentyabrın 21-i tarixinin Ermənistanın müstəqillik günü olduğu məlumdur.
Bu simvolizmin hansı mənası var? Ermənistanın müstəqillik günündə Yevlax danışıqları təsadüfdürmü ?
“Müstəqillik gününü qeyd edən Ermənistana da mesaj verildi ki, öz müstəqilliyini qoruyub saxlamaq niyyətindəsənsə, təcavüzkar niyyətlərindən əl çəkməlisən...”
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, BAO sədrinin müavini, siyasi şərhçi Faiq Ələkbərli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, sentyabrın 21-i Ermənistanın müstəqillik günü olmaqla yanaşı, həm də beynəlxalq sülh günüdür. “Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüşün sentyabrın 21-nə təyin olunması təsadüfi sayılmır. 21 sentyabrın simvolik mənası var və 21 sentyabr beynəlxalq sülh günüdür. Yəni bu gün təkcə Ermənistanın müstəqillik günü kimi xarakterizə olunmur, 21 sentyabrda həm də dünya beynəlxalq sülh gününü qeyd edir. Qarabağın erməni əhalisinin təmisilçiləri ilə Azərbaycan nümayəndəsinin məhz 21 sentyabrda görüşməsinin simvolik mənası odur ki, dövlətimiz erməni əhaliyə qucaq açır, onlara sülh, əminamanlıq, rifah bəxş edəcəyini ifadə edir. Müstəqillik gününü qeyd edən Ermənistana da mesaj verildi ki, biz sülhə sadiqik, sizin ərazinizdə gözümüz yoxdur və sən öz müstəqilliyini qoruyub saxlamaq niyyətindəsənsə, təcavüzkar niyyətlərindən əl çəkməlisən, tezliklə sülh müqaviləsi imzalanmalıdır, regiona əbədi sülh gəlməlidir. Yəni Ermənistan bundan sonra 30 min kvadrat kilometrdə müstəqilliyini qorumaq istəyirsə, sülh gündəliyinə sadiq olmalı, pozuculuğu kənara qoymalıdır. O mesaj da verildi ki, Qarabağın erməni sakinləri Azərbaycan dövlətinin vətəndaşlarıdır...
Azərbaycan bu tarixi seçməklə bütün bəşəriyyət qarşısında öz humanist, sülhpərvər niyyətlərini, birgəyaşayışın unikal ünvanı olduğunu bir daha təsdiqlədi”.
Ermənistanın müstəqillik gününün yalnız onun özünə aid olduğunu və bunun dünya üçün elə də əhəmiyyətli olmadığını deyən F.Ələkbərlinin bildirdiyinə görə, Qarabağın erməni sakinləri Azərbaycan ordusu tərəfindən xunta rejiminin əlindən xilas edilib, bu gün onların da xilas günü kimi tarixə yazıla bilər. “Məlum olduğu kimi, Qarabağın erməni sakinləri ilə görüş keçirmək Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs Ramin Məmmədova həvalə edilib. Azərbaycan 24 saat ərzində keçirdiyi antiterror tədbirləri ilə artıq məsələni böyük ölçüdə həll edib. Məlumdur ki, Qarabağın erməni sakinləri ya Azərbaycanın konstitutsiyasına uygun yaşamağı, ya da ərazimizi tərk etməyi seçməlidir.
Bu tarixin özü də müəyyən anlamda təmsilçiliyin yeni bir nümunəsidir. Yəni Ermənistan öz dövlət müstəqilliyini qeyd etdiyi gün Qarabağın erməni sakinlərinin Yevlaxda Azərbaycan dövlətinin xüsusi nümayəndəsi ilə görüşməsi onların təslimçiliklərinin son nöqtəsi sayıla bilər. Onlar məhz Ermənistanın müstəqillik günündə təslimçilik məsələsini tam reallaşdıracaqlar. Bu da Azərbaycan dövlətinin, Azərbaycan ordusunun gücü sayəsində meydana çıxıb. Yenə də qeyd edirəm, bu həm də Ermənistana bir mesajdır ki, bu ölkə təcavüzkar niyyətlərini birdəfəlik dəfn etməlidir” - deyə F.Ələkbərli bildirdi.
İradə SARIYEVA