“Ermənistan dövlətinin dünən və bu gün sərgilədiyi mövqe ümidlər verir”. Bu barədə Prezident İlham Əliyev xalqa müraciətində bildirib.
Ölkə başçısının sözlərinə görə, dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər artıq bizdən əl çəkməlidir: “Qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın. Bu bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Yetər artıq! Biz bunu tələb edirik və bir daha demək istəyirəm, Ermənistan dövlətinin dünən və bu gün sərgilədiyi mövqe ümidlər verir. Ümidlər verir ki, o gün uzaqda deyil - Azərbaycan və Ermənistan öz aralarında olan məsələləri tənzimləyəcək, sülh müqaviləsi imzalayacaq və Cənubi Qafqaz ölkələri üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında işləməyə başlayacaqlar”.
Maraqlıdır, bütün bunlar nə deməkdi?
“O mənada ki, bu, bundan sonrakı danışıqların effektli olacağına dair ümidlər yaradır”
Sözügedən məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlamasında politoloq Tural İsmayılov bir sıra məqamlara toxundu: “Azərbaycan hər zaman vurğulayıb ki, Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar edilməsi çox vacibdir. Ümumilikdə, biz Ermənistanla müharibəni hər zaman əsas variant kimi nəzərdən keçirməmişik. Həmişə çalışmışıq ki, məsələləri konstruktiv danışıqlar yolu ilə həll edək. Hətta torpaqlarımız işğal altında olan 30 il ərzində biz Ermənistana sülhlə bağlı bütün çağrışlarımızı etmişik. Ondan sonrakı dövrdə də sülhə yönəlik addımlar atmışıq. Sadəcə, Nikol Paşinyanın müstəqil siyasi rəhbər olmaması, xarici güc faktorların əlində oyuncaq olması prosesləri gecikdirir. Yəni Azərbaycanın sülh çağrışlarını əksər hallarda mənasız bir formada sabotaj edib. Prezident İlham Əliyevin son açıqlamaları Azərbaycanın Ermənistanla sülhə sadiqliyini bir daha göstərir. Yəni Azərbaycan yalnız sözdə deyil, əməldə də Ermənistanla sülh prosesində maraqlıdır. Sözügedən prosesin ən qısa zamanda, ən rahat bir formada həyata keçirilməsi üçün əlindən gələn bütün imkanları nümayiş etdirməyə hazırdır. O baxımdan hesab edirəm ki, bütövlükdə Cənubi Qafqaz regionunda gərginliyin aradan qalxması üçün Azərbaycanla Ermənistan arasında mütləq şəkildə sülh müqaviləsi imzalanmalıdır. Ermənistan bu dəfə antiterror tədbirlərinin görülməsinə hansısa hərbi-siyasi müdaxilə etmədi. Çox gümən ki, Prezident bunu müsbət bir siqnal kimi dəyərləndirib. O mənada ki, bu, bundan sonrakı danışıqların effektli olacağına dair ümidlər yaradır. Çünki Ermənistan da anlayır ki, əvvəlki status-kvonu bərpa etmək mümkünsüzdür. Müharibədən sonra tamam yeni reallıqlar yaranıb”.
Vidadi ORDAHALLI