Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri silahı yerə qoyub və təslim olublar. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.
“Bölgədə bundan dayanıqlı sülh və inkişaf təmin olunacaq”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən millət vəkili Aydın Hüseynovun fikrincə, bu çox böyük qələbədir: “Nəhayət ki, Qarabağda qanunsuz silahlı birləşmələr təslim olduqlarını bəyan etdilər. Erməni separatçılarının üzərində böyük bir qələbə qazandıq və onları ağ bayraq qaldırmağa məcbur etdik. Artıq 30 illik bir problem aradan qaldırıldı. Çünki separatçıların fəaliyyəti daim Azərbaycan xalqını narahat edirdi. Azərbaycan hər zaman humanist mövqedən çıxış edib və ötən üç il ərzində məsələnin sülh yolu ilə həllinə çalışıb. Ermənistan, separatçılar hər dəfə vədlər versələr də, sonda buna əməl etməyiblər. Belə olan halda antiterror tədbirlərinin görülməsi qaçılmaz idi. Bu qələbə birinci növbədə Prezident İlham Əliyevin Azərbaycan xalqının, dövlətinin mövqeyini prinsipial şəkildə ortaya qoymasının nəticəsidir. Ordumuzun lokal antiterror əməliyyatını uğurla həyata keçirməsi onu göstərdi ki, heç bir qüvvə bu prosesi əngəlləyə bilməz. Çünki Ermənistan 10 noyabr 2020-ci ildə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmirdi. Həmin öhdəliklərdən biri o idi ki, Qarabağdakı qanunsuz silahlı birləşmələr buraxılmalıdır. Ancaq onlar buna əməl etmədilər. Bir sözlə, bu çox böyük qələbədir. Bölgədə bundan dayanıqlı sülh və inkişaf təmin olunacaq”.
Vidadi ORDAHALLI