Qarabağda sentyabrın 19-da lokal antiterror tədbirləri başlayandan sonra Prezident Administrasiyası bəyan edib ki, ağ bayraq qaldırın, silahı təhvil verin və Yevlaxda görüşək:
“Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə Yevlaxda görüşə hazır olduğunu bildirir. Lakin antiterror tədbirlərinin dayandırılması üçün qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldırmalı, bütün silahlar təhvil verilməli, qanunsuz rejim özünü buraxmalıdır. Əks təqdirdə, antiterror tədbirləri sona qədər davam etdiriləcək”.
Həmçinin Prezident İlham Əliyev ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı antiterror tədbirlərinin hansı halda dayandırılacağını açıqlayıb. Prezident qeyd edib ki, antiterror tədbirlərinin həyata keçirilməsi zamanı mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır. Reinteqrasiya məsələlərini müzakirə etmək üçün Azərbaycan Prezidentinin Administrasiyası tərəfindən ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin nümayəndələrinin bir neçə dəfə dialoqa dəvət olunduğu, lakin onların bundan imtina etdiyi, bununla belə lokal xarakterli antiterror tədbirlərinin davam etdiyi vaxtda onların bir daha dialoqa dəvət edildiyi diqqətə çatdırılıb. Dövlət başçısı silahın yerə qoyulduğu və tərksilah olunduğu halda antiterror tədbirlərinin dayandırılacağını deyib.
“Şükürlər olsun ki, həyata keçirilən lokal antiterror tədbirləri qısa müddət ərzində öz səmərəsini verdi”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəyli hesab edir ki, zamanında Ermənistan və Qarabağdakı separatçılar öhdəliklərini yerinə yetirsəydilər, antiterror tədbirlərinin görülməsinə ehtiyac olmazdı: “Əfsuslar olsun ki, 44 günlük müharibənin nəticələrini doğru dəyərləndirmədilər. Azərbaycanın sülh çağırışlarına məhəl qoymadılar. Qarabağa silah daşınması ilə məşğul oldular. Azərbaycanın qanunsuz silahlı birləşmələrin buraxılması ilə bağlı tələblərinə məhəl qoyulmadı. Halbuki, Azərbaycan tərəfi dəfələrlə bəyan etdi ki, Qarabağda yaşayan etnik ermənilər bizim vətəndaşlarımızdır. Ölkənin digər sakinləri ilə eyni hüquqa malik olacaqlar. Ermənilər elə bilirdilər ki, Rusiya sülhməramlıları Qarabağdadır deyə istədiklərini edə biləcəklər. Ancaq anlamadılar ki, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Qarabağ Azərbaycanın suveren ərazisidir və bütün dünya bunu belə qəbul edir. Erməniləri himayə edən dairələr elə hesab edirdilər ki, vaxt uzandıqca bu, Qarabağdakı qanunsuz silahlı birləşmələrin xeyrinə işləyəcək. Elə düşünürdülər ki, Azərbaycan bu reallıqla barışacaq. Ancaq biz bununla barışmadıq. Prezident İlham Əliyev ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı antiterror tədbirlərinin hansı halda dayandırılacağını açıq şəkildə bəyan etdi. Bildirdi ki, onlar silahı yerə qoyduğu və tərksilah olunduğu halda antiterror tədbirləri dayandırılacaq. Bu, Azərbaycanın maraqlarını ifadə edən ədalətli mövqe idi. Şükürlər olsun ki, həyata keçirilən lokal antiterror tədbirləri qısa müddət ərzində öz səmərəsini verdi. Nəticədə Qarabağdakı silahlı birləşmələr silahı yerə qoyduqlarını bəyan etdilər”.
Vidadi ORDAHALLI