Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Dağlıq Qarabağdakı vəziyyətə həsr olunmuş iclası sentyabrın 21-nə təyin edilib.
Birləşmiş Millətlər Təşkilatının hazırda BMT Baş Assambleyasının həftəsini yüksək səviyyədə keçirdiyini nəzərə alsaq, çoxsaylı nümayəndə heyətlərinin rəhbərlərinin bu vacib iclasda iştirak edə bilməsi mümkün sayılır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci iclasında çıxışı zamanı bildirib ki, Təhlükəsizlik Şurası artıq dünya təhlükəsizliyinin qarantı deyil, 5 ölkənin siyasi strategiyasının döyüş meydanına çevrilib.
BMT Təhlükəsizlik Şurasının Qarabağdakı vəziyyətlə bağlı iclasında hansı qərarın veriləcəyini gözləmək olar?
Politoloq Amid Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, BMT TŞ tərəfindən ayın 21-də keçiriləcək iclasda, təbii ki, bölgədə baş verən proseslər müzakirə olunacaq: “Bu zaman proseslərin Azərbaycanın ərazisində baş verməsi faktı əsas götürüləcək. Çünki bu barədə dəfələrlə Azərbaycan bütün müstəvilərdə vurğulayıb ki, ərazisində qanunsuz silahlıların olmasına imkan verməyəcək. Bu, Azərbaycanın legitim hüququdur. BMT özü də dünyanın müxtəlif yerlərində antiterror əməliyyatlarına dəstək verir, sülhyaratma missiyasını yerinə yetirir və hər bir dövlətin ərazi bütövlüyünün, təhlükəsizliyinin təmin olunmasına zəmanət verir. Bu baxımdan hesab edirəm ki, Azərbaycana qarşı hansısa ciddi bir addımın atılmasını gözləmirəm. Ümimi şəkildə bəyanat ola bilər ki, proseslər dayandırlısın və danışıqlar başlansın. Lakin ciddi şəkildə sanksiya formasında hansısa qərardan söz gedə bilməz. Ən azından, dünən elə BMT tribinasından Türkiyə liderinin söylədiyi faktlar bir daha hamıya Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu xatırlatdı. Bir faktı da nəzərə almaq lazımdır ki, BMT-nin 4 qətanməsinin icrasını da məhz Azərbaycan həyata keçirib. İndiki məqamda da baş verən proseslər Azərbaycan Konstitusiyasına və BMT nizamnaməsinə uyğundur. TŞ-nın iclasının keçirilməsinin əsas təşəbbüskarının Fransa olmasını nəzərə alsaq və keçmişdə də Fransanın tələbi ilə keçirilən iclasların nə ilə nəticələndiyini xatırlasaq, yuxarıda dediyimiz fikirlər bir daha öz təsdiqini tapar ki, BMT Azərbaycana qarşı qəti addım atmayacaq. Ən azından TŞ-nın 4 üzvü Azərbaycanla sıx təmasdadır və baş verənlərlə bağlı olaraq detallı məlumatlandırlıblar”.
Almaniya kansleri Olaf Şolts Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 78-ci sessiyasının kürsüsündən BMT Təhlükəsizlik Şurasının islahatlarının, Asiya, Afrika və Latın Amerikası ölkələrinin daha geniş təmsil olunmasının və ümumilikdə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin tərəfdarı olduğunu bildirib.
Böyük Britaniya BMT Təhlükəsizlik Şurasının genişləndirilməsini dəstəklədiyini bəyan edib.
Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Nyu-Yorkda Xarici Əlaqələr Şurasında çıxışı zamanı BMT Təhlükəsizlik Şurasının üzvlərinin sayının artırılmasını dəstəklədiyini bildirib. O qeyd edib ki, Böyük Britaniya Hindistan, Braziliya, Almaniya və Yaponiyanın BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi daxil edilməsini dəstəkləyir. O, həmçinin Afrikanın dünya səhnəsində daha güclü təmsil olunmağa layiq olduğunu vurğulayıb.
Yaxşı olardı ki, BMT bu çağırışlara diqqət edib, öz daxilindəki islahatları aparmaqla məşğul olsun, nəinki Azərbaycanın daxilindəki proseslərə müdaxilə etsin.
Məhəmmədəli QƏRİBLİ