Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciəti nəzərə alınaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da bir sıra şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.
Bilindiyi kimi, separatçılar təslim oldu və üç maddədən ibarət razılaşma imzalandı. Razılaşmanın birinci bəndində qeyd olunur ki, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
Qanunsuz silahlı dəstələrin Azərbaycan ərazisindən çıxışı hansı yolla, hansı mexanizmlə həyata keçiriləcək?
“Onların Azərbaycan ərazisindən çıxışının hansı yolla həyata keçirilməsinə gəlincə, hazırda əsas yol Laçın yoludur”
Millət vəkili Ceyhun Məmmədov “Bakı-xəbər”ə şərhində “Əsas olan odur ki, onlar Azərbaycan ərazisindən çıxır və biz onları çıxarırıq. Onların Azərbaycan ərazisindən çıxışının hansı yolla həyata keçirilməsinə gəlincə, hazırda əsas yol Laçın yoludur. Yəni əvvəldən də müzakirə oldunduğu kimi, burada olanlardan on min nəfəri Ermənistan əsgərləridir, hərbi qüvvəsidir. Onlar hazırda mövcud olan yolla Ermənistana getməlidir. Hazırda o yoldan getmək, bu yoldan istifadə etmək nəzərdə tutulur. Realılıq budur. Yəni söhbət Ermənistanın o cinayətkar qanunsuz silahlı dəstələrindən gedir. Separatçılarla və oradakı digər məsələlərlə bağlı araşdırmalar gedir, müzakirələr aparılır. Buna uyğun addım atılacaq”-deyə bildirdi.
C.Məmmədovun sözlərinə görə, mövcud vəziyyət belədir ki, danışıqlar Yevlaxda aparılacaq. “Əsas odur ki, biz bu mərhələni də keçdik, Azərbaycan növbəti hədəfinə və məqsədinə nail oldu. Artıq razılıq əldə olunub və hansı yolla olursa olsun, qanunsuz silahlı dəstələr Azərbaycan ərazisindən çıxarılacaq. Onlar zamanında ərazimizdən çıxmaq istəmirdilər, amma biz onları buna məcbur etdik, çıxmaqdan başqa variant yoxdur”-deyə C.Məmmədov əlavə etdi. Millət vəkili qeyd etdi ki, qanunsuz silahlı dəstələr çox çəkməz ərazimizi tərk edəcəklər. “Əsas odur ki, biz onları şərtlərimizi qəbul etməyə məcbur etdik, ən ömənli olan onları təslim etməyimizdir”-deyə millət vəkili vurğuladı.
İradə SARIYEVA