Azərbaycan Prezidenti Administrasiyasının təklif etdiyi kimi, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabr 21-də Yevlaxda görüş keçiriləcək.
Bu barədə Prezident Administrasiyası açıqlama yayıb.
“Qondarma rejim rüsvayçı şəkildə təslim oldu, Ermənistan tərəfi Azərbaycan dövlətinin qoyduğu şərtləri qəbul etdi”
Sentyabrın 21-də baş tutacaq görüşlə bağlı fikir bildirən millət vəkili Məlahət İbrahimqızı “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, 44 günlük Vətən müharibəsindən sonra 20 sentyabr tarixi də Zəfər günü kimi yadda qalacaq: “Fəxr olunası haldır ki, qısa müddət ərzində 10 min terrorçunun yerləşdiyi Xankəndi və ətraf ərazilərdəki məntəqələr təmizləndi. Qondarma rejim rüsvayçı şəkildə təslim oldu. Ermənistan tərəfi Azərbaycan dövlətinin qoyduğu şərtləri qəbul etdi. Bu isə Azərbaycanın necə güclü dövlət olduğunu bir daha nümayiş etdirdi”.
Millət vəkilinin sözlərinə görə, 21 sentyabr tarixində Xankəndi və ətraf ərazilərdə kompakt yaşayan ermənilərin təmsilçisi Yevlaxda hökumət nümayəndələri ilə görüşəcək: “Yevlaxda baş tutacaq görüşdə Azərbaycan hökuməti diqtə edəcək, onlar isə qulaq asacaq və qəbul edəcək. Onu da nəzərə almaq lazımdır ki, onlar artıq Azərbaycan vətəndaşıdır. Ölkəmiz hər zaman başqa xalqların nümayəndələrinə hörmətlə yanaşıb. Azərbaycan dünyaya tolerantlıq nümayiş etdirir. Biz onlardan Azərbaycan dövlətinin qəbul etdiyi qanunlara əməl etmələrini tələb edəcəyik. Qəbul edərlərsə onlar da hər bir azərbaycanlı kimi bərabər hüquqlu yaşayacaqlar. Həmçinin, Xankəndidə yaşayan ermənilərin təhlükəsizliyi Azərbaycan dövləti tərəfindən təmin olunacaq. Onlar üçrəngli bayrağımızın altında yaşamağı özlərinə şərəf bilməlidir”.
Millət vəkilinin sözlərinə görə, bir gün davam edən antiterror əməliyyatı qələbə ilə nəticələndi: "Artıq Ermənistan ordusunun silahlı birləşmələri təslim oldular, ağ bayraq qaldırdılar. Azərbaycanın müəyyənləşdirdiyi şərtlər əsasında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub. Şərtlərə əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir”.
Xanım millət vəkili son olaraq vurğuladı ki, ermənilərin daha görüşlərdən yayınmaq üçün bəhanəsi və şansı qalmayıb: "Ermənilərin bundan sonra danışıqlardan və şərtlərimizdən yayınma ehtimalı yoxdur”.
Günel CƏLİLOVA