"Qanunsuz erməni silahlı birləşmələri tərəfindən 44 günlük Vətən müharibəsi dövründə olduğu kimi terror hücumları davam etdirilir, yenə də mülki şəxslər, mülki infrastruktur və yaşayış binaları hədəfə alınır". Bunu brifinqdə çıxışı zamanı Baş Prokurorluğun böyük prokuroru Kənan Zeynalov deyib.
Onun sözlərinə görə, qanunsuz erməni silahlı birləşmələri tərəfindən sentyabrın 19-da törədilmiş terror aktı nəticəsində qətlə yetirilmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 2 əməkdaşı işğaldan azad olunan ərazilərimizdə yol infrastrukturunun qurulması məqsədilə orada çalışırdı: “Bütün bunlar onu göstərir ki, qanunsuz erməni silahlı birləşmələri yenə də əvvəlki dövrdə olduğu kimi mülki şəxslərə qarşı terror cinayətlərini törətməkdə davam edir".
Xatırladaq ki, əvvəlki dövrdə də ermənilər yaşayış məntəqələrimizi davamlı şəkildə ağır silahlardan atəşə tutublar. Bunun nəticəsində mülki vətəndaşlar həlak olub, əhalinin təsərrüfatına, mülklərinə, yaşayış məkanının infrastrukturuna ciddi ziyan vurulur.
“Beynəlxalq təşkilatlar Ermənistan hərbi bölmələrinin dinc azərbaycanlı əhalini hədəfə götürməsinə reaksiya verməli və ciddi qınamalıdır”
Hərbçi ekspert Rasim İsgəndərov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Ermənistanın bu cür təxribatçı addımlar atması birinci dəfə deyil. Beynəlxalq təşkilatlar Ermənistan hərbi bölmələrinin dinc azərbaycanlı əhalini hədəfə götürməsinə reaksiya verməli və ciddi qınamalıdır: “Ermənistan bu istiqamətdə ənənəvi taktikasını davam etdirir. Onlar işğala başladığı gündən bu taktikadan daima istifadə ediblər. Hər zaman qoşunların təmas xəttinə yaxın olan mövqelərdəki mülki şəxsləri və obyektləri hədəf seçiblər. Hətta bu istiqamətdə onlar tarixdə qətliamlar törədən bir millət kimi də yaddaşlarda qalıblar. Bura Xocalı soyqırımını və başqa erməni vəhşiliklərini aid edə bilərik. 44 günlük Vətən müharibəsi zamanı da 100-dən çox dinc insan erməni terrorunun qurbanı oldu. Belə ki, bu dövrdə Tərtər, Bərdə rayonlarına, Gəncə şəhərinə və digər bölgələrə çoxlu sayda raket hücumları edildi. Məqsəd yalnız dinc insanlar və mülki obyektlər, yaşayış məntəqələri idi. Bu dəfə də ermənilər mülki şəxsləri hədəfə almaqla terrorçu xislətlərini nümayiş etdirdilər. Ümumiyyətlə, ermənilər heç bir qaydaya əməl etmir”.
Ekspertin sözlərinə görə, terrorçu Ermənistanın hədəfinin Azərbaycanın dinc əhalisi olduğunu bütün dünya bilir.
Günel CƏLİLOVA