Azərbaycan sabah Qarabağın erməni əhalisi ilə danışıqlara hazırdır. Trend xəbər verir ki, bu barədə Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev xarici işlər nazirliyində keçirilən brifinqdə deyib.
“Biz onların humanitar ehtiyaclarını dinləməyə hazırıq”, - deyə H.Hacıyev bildirib.
"Bir daha təkrar edirik ki, Azərbaycanın məqsədi Qarabağın erməni sakinlərinin sülh şəklində inteqrasiyasıdır və biz Ermənistan-Azərbaycan arasında münasibətlərin normallaşdırılmasının tərəfdarıyıq" - H.Hacıyev vurğulayıb.
Mülki əhaliyə zərər gəlmədi, amma gələn məlumatlar təkrar yoxlanır, çox minimal zərərlər olmuş ola bilər deyən Prezidentinin köməkçisi qeyd edib ki, antiterror tədbirləri SMS vasitəsilə Qarabağ sakinlərinə xəbərdarlıq formasında göndərilmişdi: “Məqsəd mülki əhalini hərbi obyektlərdən uzaq tutmaq idi. Görünən o oldu ki, hərbi obyektlər mülki əhalinin yaşadığı yerə yaxın yerləşdirilməyə başlanıldı. Biz isə mülki əhaliyə hörmət olaraq, həmin ərazilərə zərbələr endirilmirdi”.
H.Hacıyev onu da vurğulayıb ki, sülh sazişi Azərbaycanın təşəbbüsü olub. “Sülh sazişinin mətni hazırlanaraq qarşı tərəfə təqdim edildi. Müzakirələrin harda edilməsi yox, nə müzakirə edildiyi önəmlidir. Sülh sazişi ilə bağlı 70% məsələ razılaşdırılıb ”,- deyə H.Hacıyev bildirib.