Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Ermənistan XİN BMT Təhlükəsizlik Şurasını (TŞ) və Rusiya sülhməramlılarını Azərbaycanın Qarabağda antiterror tədbirlərinin dayandırılması üçün tədbirlər görməyə çağırır.
O bu barədə Teleqram kanalında yazıb: “Rəsmi İrəvanın Qarabağın Azərbaycana mənsubluğunu tanıması necə olsun?”.
Zaxarovanın bu açıqlamasından hansı nəticəni çıxara bilərik?
Hərbi-siyasi şərhçi Emin Həsənli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan tam beynəlxalq hüququn tələblərinə uyğun addımlar atır: “Dünyanın harasında görünüb ki, 10-15 minlik separatçı bir terrorçu dəstə ola və ölkəyə, ölkə qanunlarına tabe olmaya, cinayət hadisələri törədə? Ölkə rəhbərliyinin dəfələrlə etdiyi sülh çağırışlarına, danışıqlarına əhəmiyyət verilmədi. ABŞ, Avropa, Rusiya belə vəziyyətdə olsaydı, heç danışıq aparmazdılar. Ona görə də Azərbaycan dövləti tam qanuni əməliyyat keçirir. BMT də daxil, buna heç kim qarışa bilməz. Əksinə, qarışmaq istəyən Azərbaycan tərəfə dəstək olmalıdır. Biz beynəlxalq hüququn şərtlərini yerinə yetiririk, BMT nizamnaməsinə əməl edirik. Rusiyanın yanaşmasına gəldikdə isə, Ermənistanla Rusiyanın münasibətləri çox kəskinləşib. Putin bir neçə gün bundan öncə çıxışında da bildirdi ki, Ermənistan özü Qarabağı tanıyıb, biz nə edə bilərik? Bununla mesajını verdi. Ermənistanın Amerika ilə təlimlərindən sonra münasibətlər daha da çətinləşib. Ermənistanın özü də müharibəyə hansısa formada qatılarsa, onun mövcudluğu sual altına düşə bilər. Ermənistan bu son şansdan istifadə edib, ağlını başına yığmalıdır. Azərbaycanın ərazi bütövlüyünü tanımalı, Qarabağın Azərbaycanın olduğunu bəyan etməli və keçirilən əməliyyatları da dəstəkləməlidir. Qarabağda yaşayanların isə son şansıdır. Əllərini qaldırıb təslim olmalı, Azərbaycan qanunlarına tabe olmalıdırlar. Əks halda, rədd olub getməlidirlər. Bunun başqa yolu yoxdur. Azərbaycan dövləti onlara dəfələrlə o yolu göstərdi, 2020 - ci ilin noyabrından etibarən 3 il şans tanıdı. Hətta ərzaq da göndərdi, alternativ yol da tanıdı, danışıqlar da apardı. Bütün vasitələrdən istifadə etdi ki, bu məsələ həll olunsun. Biz 30 ilə yaxın Ermənistanla BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləri - Amerika, Rusiya, Fransa vasitəsilə danışıqlar apardıq. Amma yenə də Ermənistan BMT-nin şərtlərini yerinə yetirmədi. İndi də 10 noyabr bəyanatının şərtlərini Azərbaycan dövləti və Azərbaycan ordusu Prezident İlham Əliyevin rəhbərliyində yerinə yetirir”.
Bu arada Rusiya-Ermənistanın münasibətlərinin gərginliyini sübut edən daha bir amil özünü göstərdi. Rusiya Ermənistana nota verdi. Rusiyanın İrəvandakı səfirliyindən verilən məlumata görə, diplomatik missiya etirazçılar tərəfindən əngəllənib və tədbir görülməsi üçün Ermənistan Xarici İşlər Nazirliyinə nota göndərilib:
“Rusiyanın Ermənistandakı səfirliyinin binası yaxınlığında etiraz aksiyası keçirmək üçün internetdə yayılan çağırışlara diqqət yetirdik. Onlar peyda olandan sonra diplomatik nümayəndəlik əvvəlcə qismən, sonra isə tamamilə bağlandı. Normal fəaliyyət hələ də qeyri-mümkün olaraq qalır. Biz içəridəyik. Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn öhdəliklərə uyğun olaraq səfirliyin normal fəaliyyətini bərpa etmək üçün tədbirlər görmək məqsədilə Ermənistan Xarici İşlər Nazirliyinə nota göndərdik”.
Məhəmmədəli QƏRİBLİ