
Rusiyanın Ermənistandakı səfirliyi nümayişçilər tərəfindən mühasirəyə alınıb, diplomatik missiyanın normal fəaliyyəti mümkün deyil. “İnterfaks”a diplomatik missiyadan verilən məlumata görə, Ermənistan Xarici Işlər Nazirliyinə nota göndərilib.
"Rusiyanın Ermənistandakı səfirliyinin binası yaxınlığında etiraz aksiyası keçirmək üçün internet şəbəkəsində yayılan çağırışlara diqqət yönəldilib. Bundan sonra diplomatik nümayəndəlik əvvəlcə qismən, sonra isə tamamilə mühasirəyə alınıb. Normal fəaliyyət hələ də mümkün deyil", - səfirlikdən bildirilib.
Əlavə edilib ki, diplomatlar respublikanın səlahiyyətli orqanları ilə əlaqədədirlər.
"Diplomatik münasibətlər haqqında Vyana Konvensiyası üzrə öhdəliklərə uyğun olaraq səfirliyin normal fəaliyyətini bərpa etmək üçün tədbirlərin görülməsi məqsədilə Ermənistan Xarici Işlər Nazirliyinə nota göndərdik. Aksiya davam edir, vəziyyət gərgin olaraq qalır", - Rusiya Federasiyasının səfirliyindən bəyan edilib.
«İnterfaks»ın müxbirinin verdiyi məlumata görə, səfirlik binasının yaxınlığında etiraz aksiyası keçirilir. Paralel olaraq, Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası davam edir. Nümayişçilər hökumətə qarşı şüarlar səsləndirirlər, baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.