02/10/2023 03:17
728 x 90

Ermənistan və havadarları antiterror tədbirlərindən başqa şans buraxmadılar...

img

Son günlər Qarabağ bölgəsində hələ də qalmaqda davam edən erməni silahlı birləşmələrinin ordumuza və işğaldan azad edilən Şuşada, Zəngilanda, Laçında, Kəlbəcərdə yaşayan və fəaliyyət göstərən Azərbaycan vətəndaşlarına qarşı intensiv şəkildə həyata keçirdiyi təxribatlar günahsız vətəndaşlarımızın həyatına son qoyur.

Müxtəlif dövlət qurumlarının işğaldan azad edilən Qarabağ torpaqlarında çalışan işçilərinin, həmçinin onların təhlükəsizliyini qoruyan qəhrəman polislərimizin erməni silahlı birləşmələrinin mina terroruna məruz qalması insanlarımızın böyük hiddətinə səbəb olub. Belə bir məqamda erməni silahlı birləşmələrinin Ordumuzla üzbəüz mövqelərinə əlavə qüvvələr və zirehli texnikalar cəlb etməsi isə onların məkrli niyyətinin daha böyük terror aktları törətmək olduğunu göstərməkdədir.

44 günlük Vətən müharibəsində qəhrəman ordumuzun qazandığı şanlı Zəfərdən sonra Ermənistanın imzaladığı kapitulyasiya aktında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünə yönəlik təhdidlər qalmaqda davam edib. Azərbaycan dövlətinin Ermənistana doğru uzanmış sülh əli hər dəfə geri qaytarılıb və bunun qarşılığında Ermənistanın, onun dünyadakı məkrli havadarlarının Azərbaycana qarşı qarayaxma kampaniyası baş qaldırıb. Azərbaycan dövlətinin dəfələrlə üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, təxirə salınmadan sülh müqaviləsinin imzalanması müraciətləri Ermənistan tərəfindən müxtəlif bəhanələrlə rədd edilib.

Üçtərəfli Bəyanatın imzalanmasından keçən 3 il müddətində Azərbaycanın işğaldan azad edilən torpaqlarda həyata keçirdiyi bərpa və quruculuq işləri ölkəmizə həm böyük maliyyə hesabına, həm də ən dəhşətlisi - vətəndaşlarımızı itirmək bahasına başa gəlib. Bu müddət ərzində 314 vətəndaşımız mina terrorundan zərər çəkib, 61 vətəndaşımız mina terrorunun, onlarla hərbi qulluqçumuz isə erməni qəsbkarlarının açdığı xain atəşin qurbanı olub.

Bütün bunlara dözümlü yanaşan Azərbaycan Laçın-Xankəndi, sonradan isə Ağdam-Xankəndi istiqamətində hərəkəti təmin etməklə, Azərbaycanın bölgədə yaşayan erməni sakinlərinin təhlükəsizliyi üçün daim xoşməramlı niyyətini ifadə edib. Həmçinin davamlı olaraq həmin bölgədə xidmət aparan Azərbaycan ordusu tərəfindən erməni sakinlərə baş verə biləcək hərbi tədbirlər zamanı onların təhlükəsizliyinin Azərbaycan tərəfindən təmin olunması ilə bağlı məlumatlar verilib.

Xəbər verdiyimiz kimi, Silahlı Qüvvələrimiz tərəfindən Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri ilə əlaqədar Qarabağın erməni sakinlərinə SMS vasitəsilə məlumat göndərilib.

Yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsi nəzərə alınaraq, tədbirlər keçirilən ərazidə hərbçilərə və mülki insanlara müraciətlər ünvanlanıb. Silahlılara müraciətdə silahı yerə qoyub təslim olmaq tələb olunur. Mülki əhaliyə isə özlərini və ailələrini separatçıların çirkin siyasi oyunlarının alətinə çevirməmələri tövsiyə olunub.

Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi antiterror tədbirləri ilə bağlı brifinq keçirib. Nazirliyin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə aparılan lokal xarakterli antiterror tədbirləri barədə məlumat verib: “Antiterror tədbirləri çərçivəsində artıq Xocalı rayonu və Qırmızı Bazar istiqamətində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin döyüş mövqeləri, uzunmüddətli atəş nöqtələri, döyüş vasitələri və hərbi təyinatlı obyektləri, həmçinin Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus növbəti uzunmüddətli atəş nöqtələri, zenit-raket kompleksləri və P-18 radiolokasiya stansiyası (RLS) bölmələrimizin dəqiq atəş zərbələri ilə məhv edilib. Antiterror tədbirləri davam edir.

Türkiyənin milli müdafiə naziri Yaşar Güler Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla telefon danışığında bildirib ki, Türkiyə, hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanındadır.

Əminik ki, Azərbaycan Ordusu Ermənistan silahlı birləşmələrini tezliklə tərksilah edəcək və öz ərazilərindən çıxaracaq, ölkəmizin konstitusiya quruluşu bərpa olunacaq.

Məhəmmədəli QƏRİBLİ

Peşə etikası

Son xəbərlər