
“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və Elektrikquraşdırma Müəssisəsinin həlak olan əməkdaşları mülki şəxs olduqları üçün onlara şəhidlik statusunun verilməsi məsələsinə qeydiyyatda olduqları yerli icra hakimiyyəti orqanları tərəfindən baxılacaq".
Bunu KİV-ə açıqlamasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib.
Qeyd edək ki, 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edərkən saat 04:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlamış, törədilmiş terror aktı nəticəsində DİN-in əməkdaşları olan 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olublar.
Sentyabrın 19-da saat 09 radələrində Laçın rayonu Mollalar kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qeyd edilib ki, “Ural” markalı avtomobilin qəzaya uğraması nəticəsində "Azərenerji"nin əməkdaşları – Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlu həyatlarını itiriblər. Hadisə nəticəsində həlak olanlar ərazidə podrat işləri həyata keçirən Elektrikquraşdırma Müəssisəsinin əməkdaşlarıdır.
ZÜMRÜD