ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsini icra edən Yuri Kim ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Qarabağdakı vəziyyətlə bağlı dinləmələr zamanı senator Pat Rikettsin sualına cavab verərkən deyib ki, biz çalışırıq Ermənistan Rusiyaya qarşı bizim partnyorumuz olmaqla bağlı real qərar qəbul etsin:
“SSRİ-nin dağılmasından sonra Ermənistan Rusiyanın təhlükəsizlik sahəsində mühüm tərəfdaşına çevrildi, burada Rusiyanın hərbi bazası yerləşir. Ermənistan KTMT-nin də üzvüdür və əsasən Rusiyanın Dağlıq Qarabağın təhlükəsizliyində oynadığı rola görə Rusiya ilə münasibətlərinə böyük önəm verir. Lakin Rusiyanın 2020-ci il münaqişəsinə qarışmaq istəmədiyini nəzərə alsaq, Ermənistanın Rusiya ilə uzunmüddətli tərəfdaşlığına şübhə etməyə başladığı və Qərbə meyil etdiyi görünür. Bu ayın əvvəlində Ermənistanın baş naziri bildirib ki, Rusiyaya olan ümidlər tam olaraq özünü doğrultmur”.
Siyasi şərhçi Elşən Mustafayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanla Rusiya arasında artıq aylardır ki, davam edən ziddiyyətlər get-gedə dərinləşməkdədir: “Baş nazir Nikol Paşinyanın açıq şəkildə Qərbə və ABŞ-a “üz çevirmək” arzusuna qarşı tədbirlər görən Kreml mövqeyində qətidir - İrəvan heç bir halda “Qərbin müttəfiqi” olmayacaq. Bu tezis istər Rusiyanın siyasi rəhbərliyi, istərsə də hərbi komandanlığı tərəfindən tez-tez təkrarlanır. Qeyd edək ki, “müttəfiqləri” qarşı-qarşıya gətirən əsas səbəblər Aİ-nin uzunmüddətli missiyasının Ermənistanda yerləşdirilməsi, eyni zamanda bu missiyanın tərkibində hətta mülki geyimli jandarmların da olması, ən əsası isə Ermənistan hakimiyyətinin Qərbə və ABŞ-a yönəlik “isti bəyanatlar” səsləndirməsidir. Proseslərin inkişafı açıq şəkildə onu göstərir ki, Rusiya Ermənistanın davranışlarını həzm edə bilmir. Ermənistan ABŞ-la birlikdə kiçik miqyaslı, lakin siyasi jest kimi əhəmiyyətli təlim keçirdi.
Moskvanın qeyd etdiyi kimi, Ukraynada Rusiya bütün NATO alyansı ilə müharibə vəziyyətində olduğu halda, onun Cənubi Qafqazdakı əsas müttəfiqinin əsgərləri ABŞ hərbçiləri ilə birgə təlim keçirlər.
Cəmi 175 erməni və 85 amerikalı hərbçinin iştirakı ilə “Eagle Partner” adlanan bu sülhməramlı təlimlər ümumi mənzərəni tamamlayır: Ermənistan öz təhlükəsizliyinin təminatçısı kimi Rusiyadan məyus olur və yeni müttəfiqlər axtarır. ABŞ-ın əsas məqsədi Rusiyaya hərtərəfli zərbə vurmaqdır. Bu böyük oyunda siyasi, enerji və digər vasitələrdən istifadə edir. Görünür, ABŞ situasiyanı bir növ yenidən dəyərləndirir. İkinci Qarabağ müharibəsi zamanı ABŞ-ın rolunun əhəmiyyətsiz olduğunu nəzərə alsaq, bəlkə də regionda daha çox nüfuz qazanmağa çalışır. Ermənistanı Rusiyanın caynağından qoparmaqla, regionda tam oturuşmaq istəyir”.
Məhəmmədəli QƏRİBLİ