Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın xarici siyasət məsələləri üzrə keçmiş müşaviri (1991-1997) Jirayr Liparityan Massaçusetsdə yerləşən Erməni Araşdırmaları Mərkəzində çıxışı zamanı olduqca vacib məqamlara toxunub.
O, qeyd edib ki, Prezident İlham Əliyevin ermənilər üçün hazırkı təklifi uyğundur: “Reallıq odur ki, BMT Təhlükəsizlik Şurası başda olmaqla beynəlxalq ictimaiyyət, o cümlədən Rusiya, Fransa, İran, Yunanıstan, Kipr kimi dostlarımız həmişə deyiblər - Qarabağ müstəqil olmayacaq və o, Azərbaycanın bir parçasıdır. Beynəlxalq ictimaiyyətin bizə mesajı bu olub. Amma biz onları yox, sadəcə özümüzü dinlədik. Biz “mən bunu və ya onu istəyərəm” demək lüksünə sahib deyilik. Mən hesab edirəm ki, Azərbaycanla razılaşma imzalamaq mümkündür. Azərbaycan Prezidenti deyir ki, mənim daxili məsələm sizin işiniz deyil. Beynəlxalq ictimaiyyət də bununla razılaşır. Biz isə hər dəfə reallığa zidd hədəflər planlayır, nəticədə də uduzuruq. Prezident İlham Əliyevin ermənilər üçün hazırkı təklifi uyğundur”.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən siyasi şərhçi Azər Həsrətin fikrincə, Liparityan ümumiyyətlə, həmişə özünün yetərincə məsuliyyətli çıxışları ilə diqqəti cəlb edib: “Yəni, faktiki olaraq reallığı dərk edən birisidir. Uzun müddət erməni siyasi cəbhəsində özünün fikirləri ilə fərqlənib. Daha uzaqgörən fikirlərə sahibdir. O baxımdan ermənilər vaxtında ona və yaxud da Levon Ter-Petrosyanın özünə qulaq assaydılar, daha uduşlu çıxa bilərdilər. Təəssüflər olsun ki, zamanla ermənilər nə özləri bir yana çıxa bildilər, nə də bizə imkan verdilər. Yəni, Qarabağ məsələsini kökündən həll edib daha böyük quruculuq işləri ilə məşğul olaq. Yəni, faktiki olaraq Ermənistan həm özünə, həm də bizə çox böyük zərər verməklə məşğul oldu. İndi Liparityan qeyd edir ki, yenə gec deyil. Azərbaycanın təkliflərinə, davranışlarına uyğun davranmaq lazımdır. Bu, o deməkdir ki, iki dövlət arasında münasibətlər normallaşacaq, dinc quruculuq mərhələsinə keçəcək. Prezident Əliyevin təklifi ən optimal yoldur. Təbii ki, Qarabağda qalan ermənilər rahat yaşayacaqlar. Ancaq təəssüflər olsun ki, Ermənistan Liparityanın çağırışlarına ciddi yanaşmır. Yenə də eyforiyadadırlar. 44 günlük müharibədə zərbə almalarına baxmayaraq, yenə də savaş çağırışları edirlər. Bütün bunlar da ağılsızlığın zirvə həddidir. Ona görə də Liparityan növbəti dəfə ermənilərə ağlın yolunu göstərir. Yəni, necə davranmaq lazımdır ki, daha çox zərərə uğramasınlar. İndi bunlar anlarmı-anlamazmı, artıq bu, ermənilərin özlərinə qalıb. Fikrimcə, Paşinyan da Liparityan kimi düşündüyü üçün müəyyən gedişlər edir. Sadəcə, bəzən məcburiyyətdən daxili auditoriyanın ehtiyaclarını ödəmək üçün bizim xoşumuza gəlməyən bəyanatlar səsləndirir. Ancaq ümumilikdə götürəndə hər halda Ermənistan divarın bitdiyini anlamamış deyil. Libarityan da ona görə bu fikirləri təkrarlayır ki, vaxt itirməyə dəyməz. Azərbaycanla anlaşmaq lazımdır. Bu məsələni birdəfəlik və kökündən həll etmək lazımdır. Ümid edək ki, onun bu ağıllı fikirlərini Ermənistanın əsas siyasi qüvvələri nəzərə alacaqlar. Almadıqları təqdirdə yenə itirən Ermənistan olacaq”.
Vidadi ORDAHALLI