Avropa qurumlarının etirazlarına rəğmən, Ermənistan Metsamor Atom Elektrik Stansiyasının ömrünün 2036-cı ilə qədər uzadılması proqramını təsdiqləyib. Belə ki, hökumət sentyabrın 14-də keçirilən iclasında Ermənistan Atom Elektrik Stansiyası qapalı səhmdar cəmiyyətinin N-2 enerji blokunun istismar müddətinin uzadılması proqramını və bu proqramda nəzərdə tutulan tədbirlərin təşkili və həyata keçirilməsi planını təsdiqləyib.
Qərarın əsaslandırılmasında göstərilir ki, Ermənistan AES-in ikinci enerji blokunun layihə müddəti 2016-cı ildə başa çatıb. 2014-cü ildə ANPP N2 enerji blokunun layihə müddətinin uzadılması proqramı həyata keçirilib, nəticədə istismar müddəti 2026-cı ilə qədər uzadılıb. Sözügedən proqram çərçivəsində AES-də genişmiqyaslı modernləşdirmə və yenidən təchizat işləri aparılıb. Artıq aparılan modernləşdirmə işləri, o cümlədən ixtisaslaşdırılmış təşkilatların rəyləri və analoji enerji bloklarının istismar müddətinin uzadılması ilə bağlı beynəlxalq təcrübə nəzərə alınmaqla, əlavə investisiyalar hesabına layihənin istismar müddətini uzatmaq nəzərdə tutulur. ANPP N2 enerji blokunun fəaliyyəti daha 10 il - 2036-cı ilə qədər uzadılır.
Görünən odur ki, Ermənistan bir sıra məsələlərdə olduğu kimi, Mütsamor AES-i məsələsində beynəlxalq təşkilatları saymır. İşdi bənzər addımı Azərbaycan atsaydı, o zaman üstümüzə gələrdilər.
“Stansiyanın fəaliyyətinin 2036-cı ilə qədər uzadılması region üçün ekoloji təhdid mənbəyidir”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən hərbi ekspert Ramil Məmmədli bunu Ermənistana münasibətdə özünü göstərən tərəfkeşliklə əlaqələndirdi: “Metsamor AES-in fəaliyyətini davam etdirməsi təhlükəlidir. Bunu şərtləndirən bir sıra faktorlar var. Birincisi, Ermənistan seyismik zonada yerləşir. Zəlzələ zonasında belə bir stansiyanın tikilməsi təhlükəlidir. O cümlədən, Metsamor AES istifadəyə verilərkən köhnə texnologiyalardan istifadə olunub. Metsamor AES Ermənistanın Türkiyə ilə sərhədindən 16 km aralıda yerləşir. Gücü 408 MVt olan 2 ədəd VVER-440/230 tipli reaktorlardan biri işləkdir. Elektrik stansiyası Ermənistanın paytaxtı İrəvandan 32 km, Qarsdan 100 km və İqdırdan 30 km məsafədədir. Elektrik stansiyasının birinci reaktoru 1976-cı ildə, ikincisi isə 1980-ci ildə istismara verilib. 1988-ci ildə Spitak zəlzələsində zədələnməsə də, əhalinin təzyiqi və etirazları nəticəsində stansiyanın hər iki reaktoru bağlanıb. 1993-cü ildə Ermənistan hökuməti enerji böhranı ilə əlaqədar ikinci bloku yenidən işə salmaq qərarına gəlib və bəzi təkmilləşdirmə işlərindən sonra aqreqat 1995-ci ildə istismara verilib. 2005-ci ildə planlaşdırılan istismar müddətini başa vuran elektrik stansiyasının istismar müddəti 2016-cı ilə qədər uzadılıb. Daha sonra istismar müddətini yenidən uzatdılar. Əvvəl 2026-ci ilə qədər AES-in istismar edilməsi nəəzərdə tutulurdusa, indi 2036-cı ildən dəm vururlar. Müxtəlif mənbələrə görə AES bu gün dünyada mövcud elektrik stansiyaları arasında ən təhlükəli reaktorlardan biridir. Onun tikintisi zamanı sovet alimləri və Ermənistandakı dairələr stansiyanın nasazlıq xəttində yerləşməsi və su ehtiyatlarına sızma ehtimalı olması səbəbindən onun tikintisinə qarşı çıxırdılar. AES-in köhnə texnologiya əsasında inşa olunması risq dərəcəsini artırır. Ötən 47 ildə isə avadanlıqlar həm də texniki cəhətdən aşınıb və yararsız hala gəlib. Eyni zamanda, bu AES 11 ballıq zəlzələ riski olan zonada yerləşir. AES-in ətrafında mövcud olan 5 tektonik qırılmadan biri stansiyanın cəmi 500 metrliyindədir. Yəni, aşağı bal gücündə zəlzələ AES-də zədələnmələrə və beləliklə də təhlükəli maddələrin sızmasına yol aça bilər. Ancaq bütün bunlara baxmayaraq, beynəlxalq qurumlar təhlükə saçan AES-in fəaliyyətini görməzdən gəlirlər. Yəni, buna görə Ermənistana təzyiq edilmir. Bəhanə olaraq bunu onunla əlaqələndirirlər ki, Ermənistanın iqtisadi imkanları məhduddur, yeni stansiya tikmək imkanı yoxdu və s. O üzdən, belə anormal vəziyyət yaranıb. Stansiyanın fəaliyyətinin 2036-cı ilə qədər uzadılması region üçün ekoloji təhdid mənbəyidir”.
Vidadi ORDAHALLI