Prezident İlham Əliyevin yürütdüyü müdrik və uzaqgörən siyasət sayəsində xüsusilə 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan bütün dünyada nüfuzunu artırıb. Ölkəmiz etibarlı tərəfdaşa, aparıcı regional və beynəlxalq aktora çevrilib. Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır.
Dövlətimizin başçısının son illər müxtəlif beynəlxalq tədbirlərə, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitinə, Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısına, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə toplantısının plenar iclasına, “Avropa siyasi birliyi” Zirvə toplantısına xüsusi qonaq qismində dəvət olunması Azərbaycanın artan beynəlxalq nüfuzunun və beynəlxalq aləmdə böyüyən rolunun əyani göstəricisidir. Sentyabrın 14-də Prezident İlham Əliyev Tacikistanda keçiriləcək Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirak edib. Bu, ilk dəfədir ki, Məşvərət görüşündə regiondankənar ölkənin rəhbəri iştirak edir.
Maraqlıdır, Azərbaycanın üzv olmadığı beynəlxalq platformalara Prezident İlham Əliyevin xüsusi qonaq kimi dəvət olunması nədən xəbər verir? O cümlədən, nəyin nəticəsidir?
“Azərbaycan Şərqlə Qərb arasında mühüm qovşağa çevrilib”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən millət vəkili Aydın Hüseynov bunu bir sıra faktorlarla əlaqələndirdi: “Bunun başlıca səbəbi Prezident İlham Əliyevin böyük siyasi və şəxsi nüfuzu ilə bağlıdır. Eyni zamanda bu, ölkəmizin beynəlxalq arenada sülhün və təhlükəsizliyin təmin olunmasına, əməkdaşlığın genişlənməsinə töhfələrinə verilən yüksək qiymətin bariz nümunəsidir. İllərdir ölkə başçısı böyük tədbirlərə dəvət olunur. Hər dövlət başçısı belə nüfuza malik deyil. Məsələn, Davos İqtisadi Forumunda Prezident Əliyevin çıxışı, bütövlükdə siyasi və iqtisadi hadisəyə çüvrilir. Bütün bunlar dünya dövlətləri tərəfindən böyük maraqla qarşılanır. O cümlədən, Şanxay Əməkdaşlıq Təşkilatı və digər tədbirlərdə Prezdent İlham Əliyevin etdiyi çıxışlar böyük maraqla qarşılanırdı. Ordakı görüşlər, görüşlərdən sonra əldə olunan nəticələr İlham Əliyevin necə böyük, nüfuzlu dövlət xadimi olduğunu göstərir. Digər tərəfdən, bu gün Azərbaycanın dünya iqtisadiyyatında oynayacağı rola, xüsusən də dünyanın nəqliyyat-logistikasında ölkəmizin yerinə ciddi önəm verilir. Azərbaycan Şərqlə Qərb arasında mühüm qovşağa çevrilib. Azərbaycanın inkişaf etdirdiyi nəqliyyat-logistika şəbəkəsi, regional və dünya əhəmiyyətlidir. Ölkəmizin Xəzərdə ən böyük ticarət donanmasına malik olması Avropa ilə Asiya arasında daşımalar üçün olduqca vacib əhəmiyyət daşıyır. Azərbaycanın artan tranzit imkanları, həmçinin Mərkəzi Asiya ölkələrinin inkişafına da müsbət təsir göstərir. Getdikcə bunun müsbət əhəmiyyəti daha da artır. Bütün bu uğurların kökündə Prezident İlham Əliyevin uğurlu siyasəti dayanır. Ona görə ölkə başçımızın ard-arda belə mötəbər tədbirlərə dəvət olunması təsadüfü deyil. Bu, Prezidentimizə verilən böyük dəyərin göstəricisidir”.
Vidadi ORDAHALLI