Sentyabrın 14-də Türkiyə Qəzetəcilər Federasyonunun rəhbəri Yılmaz Karacanın başçılığı ilə respublikamızda səfərdə olan qardaş ölkənin media mənsublarından ibarət geniş tərkibli nümayəndə heyəti Azərbaycan Mətbuat Şurasında olub.
Qonaqları salamlayan MŞ sədri Rəşad Məcid rəhbərlik etdiyi qurumun Türkiyədəki media orqanları və təşkilatları ilə sıx əlaqələrindən söz açıb. Bu əlaqələrin türk dünyası üçün nümunəvi xarakter daşıdığını vurğulayan R.Məcid əlavə edib ki, qarşılıqlı iş birliyinin güclənməsi ortaq həqiqətlərimizin dünyaya təbliği baxımından mühüm əhəmiyyət daşımaqdadır. O, həmçinin Türkiyənin qabaqcıl media təcrübəsinin ölkəmizdə tətbiqinin də müstəsna önəm kəsb etdiyini deyib.
Görüşdə Azərbaycan-Türkiyə media əməkdaşlığının hazırkı durumu, perspektiv hədəfləri barədə geniş fikir mübadiləsi aparılıb, mövcud sahədəki çatışmazlıqlara diqqət yetirilib, qazanılmış uğurların gələcək nailiyyətlər üçün baza olduğu bildirilib.
Toplantıda, həmçinin, MŞ İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli və qurumun icraçı katibi Əvəz Rüstəmov qonaqları Şuranın iş prinsiplərindəki spesifik məqamlarla tanış edib, sualları cavablandırıblar.
Mətbuat Şurası ilə Türk Dünyası Qəzetəcilər Federasyonu arasında əməkdaşlıq protokolu imzalanıb. Daha əvvəl imzalanmış sənədin oxşarı olan protokola hər iki qurumun rəhbərləri - Rəşad Məcid və Menderes Dəmir imza atıblar.
Bununla bağlı keçirilmiş toplantıda qarşılıqlı iş birliyinə verilən önəmdən söz açılıb. R.Məcid və M.Dəmir mövcud istiqamətdəki fikirlərini dilə gətirərək, əməkdaşlıq konturlarının davamının konkret sənəddə əksini tapmasından, ənənəyə çevrilməsindən məmnunluqlarını bildiriblər. Tədbirdə çıxış edən MŞ İdarə Heyətinin üzvü Aqil Ələsgər də fikirlərini bölüşüb, əməkdaşlıq protokolunun uğurlu nəticələr verəcəyinə inandığını deyib.
İmzalanmış sənədə gəlincə, orada Türk Dünyası Qəzetəcilər Federasyonunun təşəbbüsü olan Türk dünyası sənədli film festivalı və yarışmasına, türk dünyası sənət simpoziumuna və türk dünyası qısa filmlər festivalına zəruri media dəstəyinin göstərilməsi, bununla əlaqədar müştərək fəaliyyətin əlaqələndirilməsi nəzərdə tutulur.