Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT İnsan Haqları Şurasının 54-cü sessiyasında çıxışı zamanı bildirib ki, insan hüquqlarına eyni əsasda, eyni vurğu ilə ədalətli və bərabər münasibət göstərilməlidir. Nazir diqqətə çatdırıb ki, milli azlıqlara mənsub şəxslərin müdafiəsi ilə bağlı tədbirlər müvafiq dövlətin digər vətəndaşlarına münasibətdə bərabərlik və ayrı-seçkiliyə yol verilməməsi prinsipləri ilə təsdiqlənməlidir:
“Bu anlayışla Azərbaycan hökuməti Qarabağ bölgəsinin etnik erməni sakinlərini siyasi və hüquqi, sosial və iqtisadi çərçivədə bərabərhüquqlu vətəndaşlar kimi yenidən inteqrasiya etmək öhdəliyi götürüb.
Azərbaycan öz konstitusiyasında və iştirakçısı olduğu beynəlxalq mexanizmlərdə təsbit olunmuş bütün müvafiq hüquq və azadlıqları qorumağa borcludur.
Ermənistan isə revanşist təfəkkürlə idarə olunur və normallaşma prosesində öz öhdəliklərindən yayınmağa çalışır, etnik nifrəti fəal şəkildə təbliğ edir, faktları təhrif edir, etnik erməniləri manipulyasiya edir və uydurma hekayələrlə beynəlxalq ictimaiyyəti çaşdırır”.
Ceyhun Bayramov qeyd edib ki, beynəlxalq hüquqa əsasən, milli azlıqlara mənsub şəxslərin hüquqlarının pərdəsi altında dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və birliyinə xələl gətirmək, ölkələrin daxili işlərinə müdaxilə qəti şəkildə qadağandır:
“İstənilən belə cəhd beynəlxalq birlik tərəfindən pislənilməli və qətiyyətlə rədd edilməlidir”.
Bakı-İrəvan arasındakı nizamlama ilə bağlı Azərbaycanın milli azlıqlarla bağlı irəli sürdüyü tezislər Ermənistanın bu mövzuda manevr imkanı tükədirmi?
Politoloq Əhəd Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan hər zaman milli azlıq amilindən istifadə etməyə çalışır: “Milli azlıqların öz müqədaratını təyin etmə adı altında separatçılığa çalışır. Unudur ki, bunlar fərqli və bir-birinə zidd olan anlamlardı. Azərbaycan daim bəyan edir ki, Qarabağda yaşayan, qanunlarımıza ehtiram göstərən yerli ermənilərə bütün bərabərhüquqlu vətəndaş haqlarını tanıyır. Eyni zamanda, onların diqqətinə çatdırırıq ki, bu mövzunun müzakirəsinə heç bir üçüncü ölkə qarışa bilməz. Azərbaycan dövlət olaraq mültikultral və tolerant siyasət yürüdür. Öz hüdudlarında yaşayan bütün milli azlıqların hüquqlarınə tanıyır, onlara bərabər səpkili münasibət sərgiləyir. Əslində, Ceyhun Bayramovun bu təklifindən beynəlxalq birlik doğru nəticələr çıxarıb, ermənilərin milli azlıq məfhumundan istifadə edərək separatçılığa yol vermələrinin qarşısını almalıdır. Ermənistanın bundan nəticə çıxarması keçdir. Çünki həmin ölkə artıq monoetnik dövlətə çevrilib. Ərazisində demək olar ki, etnik azlıq qalmayıb. Azərbaycan bu tələblərə tərəfdar çıxırsa, onda Ermənistan da bunu təmin etməlidir. Onlar Qarabağda ermənilərin hüququndan danışırsa, onda Qərbi Azərbaycandakı öz ata-baba yurdlarından köçürülən soydaşlarımızın da geri dönüşünü təmin edib, onların təhlükəsizliyinə təminat verməlidirlər. Təbiidir ki, belə olan təqdirdə ermənilərin bu mövzudakı manevr imkanları tam bitmiş olur”.
Məhəmmədəli QƏRİBLİ