Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdəki ənənəvi hökumət saatında ölkədə “vaqnerçilərin” olması ilə bağlı xəbərləri şərh edərkən söyləyib ki, hüquq-mühafizə orqanları mediada yazılanlara reaksiya verməlidir:
“Ermənistan hüquq-mühafizə orqanları KİV-də gedən yazılara reaksiya verməyə borcludur. Bildiyimə görə, bu, cinayət-prosessual məcəlləsinin normasıdır. Mənə məlumdur ki, teleqram kanallarında belə bir məlumat çıxmışdı. Milli Təhlükəsizlik Xidməti öz səlahiyyətləri daxilində dərc edilən məlumatları yoxlayır”.
O deyib ki, burada qeyri-adi heç nə yoxdur. Paşinyandan “Ermənistanda Rusiyanın təşəbbüsü ilə mümkün inqilabı” ilə bağlı hər hansı narahatlığının olub-olmadığını soruşduqda, baş nazir qeyd edib ki, bunu yalnız Ermənistan xalqı həyata keçirə bilər.
Qeyd edilir ki, ötən həftə bir sıra iqtidaryönlü ictimai şəbəkələrdə Ermənistanda guya yerli qüvvələrin dəstəyi ilə dövlət çevrilişi həyata keçirib baş nazir Nikol Paşinyanı devirməyə hazırlaşan 3 min “Vaqner” əsgərinin olması ilə bağlı şayiələr yayılıb.
Ermənistanda artıq ciddi hal alan “vaqner” vahiməsi nə dərəcədə realdır?
Siyasi şərhçi Elşad Həsənov “Bakı-Xəbər”ə bildirdi ki, məlumat artıq bir neçə gündür ki, kütləvi informasiya vasitələrində yayımlanır: “Ermənistanda vəziyyət gərgindi. Qarabağda əldəqayırma Araik Arutunyan istefa verdi, onun yerinə isə ruspərəst Robert Koçaryana yaxın olan “Qarabağ klanı”nın nümayəndəsi hakimiyyətə gəldi. O da öz çıxışında bir neçə bəyanat verdi ki, biz “Artsax” hesab olunuruq, müqavimət göstərəcəyik, Azərbaycanla üçüncü dövlətlərin iştirakı ilə danışıqlar apara bilərik. Bunlar çox sərsəm bəyanatlar idi. Görünən odur ki, bu Paşinyanın kadrı deyil. Paşinyan özünün dəfələrlə bəyan etdiyi kimi, Azərbaycanın ərazi bütövlüyünü tanıyır. O bunu keçən il Praqada, bu il də Brüsseldə dedi. Məqsədi odur ki, Ermənistanın bütövlüyünü qoruyub saxlasın. Onu hazırda düşündürən Qarabağ və oradakı ermənilər deyil. Bu gün Ermənistanın dövlət olaraq qalmasıdır. Ancaq, bunu istəməyən rusyönümlü qüvvələr, müxalif qüvvələr Paşinyanı devirmək üçün müxtəlif üsullara əl atırlar. Yadınızdadırsa, Paşinyan qərbyönümlü siyasət aparanda hər zaman daxildə ona qarşı olan qüvvələr mitinq keçirirdi. Ancaq heç bir nəticə vermədi. Son günlər Ermənistanın KTMT - nin üzvü olaraq ABŞ - ın hərbiçiləri ilə hərbi təlim keçirməsi Rusiyanın səbr kasasını daşırdı. Onlar bu hərəkəti etməklə birbaşa Rusiyadan qopmaq üçün ən böyük addım atdılar. Bunu da Rusiya bilir, hiss edir. Paşinyanın bu yöndə apardığı siyasəti də Amerika və Qərb dəstəkləyir. Ona görə də həmin “vaqnerçilərin” Ermənistanda olması yalnız Paşinyan hakimiyyətini devirmək məqsədini güdə bilər. Yerli qüvvlərə kömək edərək, Paşinyanı hakimiyyətdən salmağa çalışırlar. Mən bunu real hesab etmirəm. Bu informasiyanı Rusiya Xarixi İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova təkzib etdi,eyni zamanda Krasin də bunu “feyk” məlumat adlandırdı. Zaxarovna bunun yalan olduğunu sentyabr ayının 13 - də brifinqdə jurnalistlərə bəyan etdi. Yəni, “vaqnerçilərin” ora gəlməsi hər halda görünərdi, bu haqda videoları yayılardı. Onlar Ermənistana piyada getməzlər. Hər hansı nəqliyyat vasitəsi ilə gediblər. Bütün bunları da nəzərə alaraq deyə bilərik ki, belə faktlar yoxdur. Ancaq, daxildə böyük gərginliklər var. Təhlükəsizlik xidmətinin rəisi dəyişdi. Belə bir informasiya əldə olundu ki, həmin rəis rusyönümlüdür, Rusiya ilə işləyir. Bu Qərb kəşfiyatının məlumatı idi. Ona görə də Paşinyan onu işdən azad etdi. Artıq Paşinyanın son bəyanatları da Rusiya ilə onun münasibətlərini gərginləşdirdi. O dedi ki, Rusiyanın onların təhlükəsizliyinə təminat verəcəyinə güvənmir. Çünki həmin ölkənin başı Ukrayna ilə müharibəyə qarışıb. Bu səbəbdən də qarant kimi ABŞ və Qərbi görür. Artıq Kremlin təbliğat ruporları Ermənistanı açıq şəkildə hədələyir. Belə olacağı təqdirdə uzaqda olan ABŞ Ermənistanın köməyinə çata bilməyəcək. 2008-ci ildə bu taleyi Gürcüstan yaşadı. Rusiya ona açıq müharibə etdi”.
Məhəmmədəli QƏRİBLİ