Moskva Rusiyanın “yeni regionlarında” seçkilərlə bağlı bəyanatlara görə Bakıya etirazını bildirib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova mətbuata açıqlamasında danışıb.
Onun sözlərinə görə, rəsmi Bakının bu cür qiymətləndirmələri Rusiya və Azərbaycan arasında münasibətlərin müttəfiqlik səviyyəsinə uyğun deyil: “Bu cür qiymətləndirmələr bizim tərəfimizdən qəbul edilə bilməz, bunlar qəbuledilməz qiymətləndirmələrdir və ölkələrimiz arasında münasibətlərin müttəfiqlik səviyyəsinə uyğun deyil. Ona görə də Azərbaycan tərəfi qarşısında diplomatik demarş həyata keçirilib. Biz bu barədə hər şeyi bildirdik”.
Qeyd edək ki, ötən il Rusiya prezidenti Vladimir Putin dörd yeni regionun - Donetsk və Luqansk xalq respublikalarının, Zaporojye və Xerson vilayətlərinin Rusiyaya daxil olması haqqında fərman imzalayıb. Bu il sentyabrın 8-də Rusiyanın Ukraynadan ilhaq etdiyi bölgələrdə regional parlament seçkiləri keçirilib. Azərbaycan XİN-i daxil olmaqla əksər ölkələr Rusiyanın işğal etdiyi ərazilərdəki seçkilərin nəticələri tanımayıb.
Bu nə xəstə təfəkkürdür? Rusiya bizim ərazi bütövlüyümüzü tanıyıb deyə, biz bu ölkəyə aid olmayan 4 regionda “seçkiləri” tanımalıyıq?
“Azərbaycan Ukraynanın ilhaq olunmuş ərazilərində keçirilən “seçkiləri” tanısa, sabah Kiyev də Qarabağ...”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən Demokratik Dəyişim Partiyası Təşkilat Komitəsinin sədri Əli Mustafanın fikrincə, Rusiyadan nə desən gözləmək olar: “Azərbaycanın Rusiya tərəfindən Ukraynanın ilhaq olunan ərazilərində keçirdiyi “seçkiləri” tanımaması tamamilə normaldır. Ən azından ona görə ki, Azərbaycan uzun illər işğaldan əziyyət çəkib və hələ də Qarabağa tam nəzarət etmir. Yəni, Azərbaycan Ukraynanın ilhaq olunmuş ərazilərində keçirilən “seçkiləri” tanısa, sabah Kiyev də Qarabağ separatçıları ilə bağlı analoji addım atacaq. Ona görə də Azərbaycan doğru olaraq bu addımı atıb. Rəsmi Bakı Ukraynanın ərazi bütövlüyünü tanıyır. O ki qaldı Zaxarovanın dediklərinə, bu, Putin rejiminin, Rusiyanın mahiyyətini ortaya qoyur. Əfsuslar olsun ki, Rusiya beynəlxalq hüquqa əməl etmək istəmir. Hələ də zorbalıqla və güc faktoru ilə danışır. O baxımdan hesab edirəm ki, Rusiyanın bununla bağlı Azərbaycana etiraz etməsi tamamilə səhvdir. Daha da pis odur ki, Rusiya özünün zora, haqsızlığa, ədalətsizliyə söykənən mövqeyinə digər ölkələri də ortaq etmək istəyir. İstəyir ki, digər ölkələr də bununla hesablaşsın. Sanki Rusiya cinayət əməllərinə ortaq axtarır. Azərbaycanı da bura qoşmağa çalışır. Azərbaycanı bir cinayət ortağı olaraq görmək istəyir. Bütün bunlara baxmayaraq, Azərbaycan Ukraynanın ərazi bütövlüyü məsələsində birmənalı mövqeyini davam etdirməlidir. Rusiyanın nə deməsindən asılı olmayaraq separatizmə, zor gücü ilə ərazilərin ilhaq olunmasına yox deməlidir. Rusiya daim separatçıları himayə edən dövlət olub. Bununla bağlı çoxsaylı misallar gətirmək olar. Ancaq Rusiya ərazisində separatizm meyilləri baş qaldıranda, Moskva onu qan içində boğur”.
Vidadi ORDAHALLI