Prezident İlham Əliyevin yürütdüyü müdrik və uzaqgörən siyasət sayəsində xüsusilə 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan bütün dünya nüfuzunu artırıb, etibarlı tərəfdaşa, aparıcı regional və beynəlxalq aktora çevrilib, onunla əməkdaşlıq etmək istəyən ölkələrin sayı isə durmadan artır.
Dövlət başçısının son illər müxtəlif beynəlxalq tədbirlərə, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitinə, Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısına, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısının plenar iclasına, “Avropa siyasi birliyi” Zirvə Toplantısına xüsusi qonaq qismində dəvət olunması Azərbaycanın artan beynəlxalq nüfuzunun və beynəlxalq aləmdə böyüyən rolunun əyani göstəricisidir. Bu gün isə Prezident İlham Əliyev Tacikistanda keçiriləcək Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirak edəcək. Bu, ilk dəfədir ki, Məşvərət görüşündə regiondan kənar ölkənin rəhbəri iştirak edir. Bu, dövlətimizin başçısının şəxsi nüfuzunun, ölkəmizin beynəlxalq arenada sülhün və təhlükəsizliyin təmin olunmasına, əməkdaşlığın genişlənməsinə töhfələrinə verilən yüksək qiymətin bariz nümunəsidir. Qeyd edək ki, təbir çərçivəsində Prezident İlham Əliyevin Tacikistan Prezidenti Emiməli Rəhmonla görüşü, eyni zamanda, Məşvərət görüşündə çıxışı nəzərdə tutulub.
Prezidentin belə bir tədbirdə iştirakı hansı anlama gələ bilər?
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu dəqiqə türk dövlətləri təşkilatının bütün üzvləri çox önəmlidir: “Xüsusən də indiki anda Orta Asiya respublikaları ilə Qafqaz respublikalarının münasibətləri çox vacibdir. Çünki “İpək yolu” üzərində olan bu bölgə həm iqtisadi, həm də siyasi şəkilləndirmə baxımında bizim üçün əhəmiyyətlidir. Heç təsadüfi deyil ki, sentyabr ayında Amerikada G 5 + 1 formatında toplantı olacaq. Amerika və Asiya ölkələrinin görüşündən ibarət belə toplantı bundan əvvəl Çində də olub. Orta Asiyada olan türk respublikları və Tacikistanın birgə görüşləri olub. Əslində, dünya üzərindən transfer baxımından baxsaq, Qərbdən Orta Asiyaya doğru Azərbaycan da daxil olan bölgə çox əhəmiyyətlidir. Klassik olaraq da belə düşünülür ki, dünyanın siyasi qəlbi Qərbdən tədricən Orta Şərqə doğru gedir. Hamı bunun üzərində savaşır. Belə vəziyyətdə Orta Asiya respublikalarının da, Qafqazların da əhəmiyyəti kifayət qədər artır. Üstəlik də Türkiyə və Azərbaycanın əhatəsində olan türk dövlətləri təşkilatı artıq formalaşıb. Bir çox məsələlərdə ortaq davranırlar. Bir çox sahələrdə ciddi müdaxilələr var. Tacikistana Azərbaycan rəhbərinin dəvət olunması da bu baxımdan çox əhəmiyyətlidir. Həm indiki halda onların öz maraqları var, həm də perspektivdə, yeni şəkilləndirmədə bu məsələ çox əhəmiyyət kəsb edir. Ona görə də, Azərbaycanın da indi orda olması bizim üçün çox faydalıdır. Xüsusən də indi Qarabağ söhbəti ətrafında vəziyyətin gərginləşməsi, belə böyük güclərin toqquşması ərəfəsində Azərbaycanın bu dövlətlərlə daha isti münasibət qurması önəmlidir. Ona görə də, mən hesab edirəm ki, burada həm iqtisadi cəhətdən iki tərəfli münasibətlər aydınlaşacaq, həm də Orta Şərq yolu, yəni “İpək yolu”nun məsələsinə baxılacaq. Məncə, Çinin də burda hansısa formada təsiri və ya iştirakı olmalıdır. Çünki, böyük bir layihələrin artıq 5 respublikalar arasında keçməsi gözlənilir. Enerji məsələsi ilə bağlı da onu deyə bilərik ki, Avropa öz qaz anbarlarının 95 faizini doldurub. Amma, buna baxmayaraq, qarşıda olan Rusiya Ukrayna müharibəsi səngiməyib. Azərbaycan enerji istehsal edən, həm də onun tranzitinu həyata keçirən ölkə olduğu üçün, iki tərəfli münasibətlər baxımından Azərbaycan Prezidentinin bu tədbirdə iştirakı çox vacibdir”.
Məhəmmədəli QƏRİBLİ