Qarabağda yaşayan 183 nəfər Azərbaycan ərazilərini tərk edərək Ermənistana keçib. Bunu təsdiq edən görüntü “Laçın” sərhəd-buraxılış məntəqəsində çəkilib. Qeyd olunur ki, Xankəndi-Gorus istiqamətində hərəkət edənlərdən 155-i Ermənistan, 26-sı Rusiya, iki nəfər isə Ukrayna vətəndaşı olub.
Qeyd edək ki, artıq bir neçə gün öncədən etibarən Ermənistanın hələ 2020-ci ildəki müharibədən əvvəl Qarabağa göndərdiyi qeyri-qanuni hərbi birləşmələrinin üzvləri hazırda tələbə adı ilə kütləvi şəkildə Xankəndini tərk edirlər.
“Hazırda Qarabağda qeyri-müəyyən vəziyyət yaranıb, artıq o insanlarda ümidsizlik yaranıb, bu səbəbdən də o ərazidə yaşayanlar sabahlarından əmin olmadıqları, gələcəklərindən narahat olduqları üçün Xankəndi-Gorus istiqamətində hərəkət edirlər”
Mövzu ilə bağlı fikir bildirən Mətin Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, son günlər Qarabağı tərk edən ermənilərin sayı günü-gündən artır: “200-ə yaxın şəxs regionu tərk edir. Ermənilərin Qarabağı tərk etməsi gözlənilən idi. Onu da deyim ki, Xankəndi-Gorus istiqamətində hərəkət edənlərin əksəriyyəti ermənilərdir. Onlar öz gələcəklərini orda görmür.Təəssüf ki, Ermənistan Qarabağdakı həmin əraziyə nəzarət etmir. Həmin ərazi sanki “boz zona”ya çevrilib. Hazırda Qarabağda qeyri-müəyyən vəziyyət yaranıb. Artıq o insanlarda ümidsizlik yaranıb. Bu səbəbdən də o ərazidə yaşayan sabahlarında əmin olmadıqları, gələcəklərindən narahat olduğu üçün Xankəndi-Gorus istiqamətində hərəkət edir”.
Ekspert hesab edir ki, qarşıdakı günlərdə də Qarabağı tərk edəcək vətəndaşların sayı daha da artacaq. Onlar da ölkəmizdə olan digər etnik azlıqlar kimi mədəni hüquqlardan istifadə edə bilərdilər: “Azərbaycan vətəndaşlığına keçməyəcəkləri təqdirdə, ölkə ərazisini tərk etmələri daha məqsədə uyğundur. Bəllidir ki,biz xeyli müddətdir ki, ermənilərə danışıqlar, dialoq təklif etmişik. Təəssüflər olsun ki, xunta rejimi rəsmi Bakının heç bir təklifi ilə razılaşmır. İndisə onlar çıxış yolunu çıxıb getməkdə görür”.
Günel CƏLİLOVA