27 yanvarda Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumla bağlı ibtidai istintaq işi yekunlaşıb. Bunu Tehranın Ümumi və İnqilab Məhkəməsinin Prokuroru Əli Salehi deyib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücum edən şəxsin cinayət işi kifayət qədər operativ və dəqiqliklə aparılıb. Salehi bildirib ki, Azərbaycan səfirliyinə hücum bir səfirlik əməkdaşının qətlə yetirilməsi və səfirlik əməkdaşlarının yaralanması, eləcə də səfiliyin əmlakına xəsarətin yetirilməsi ilə nəticələnib. Əli Salehinin sözlərinə görə, bu işlə bağlı digər şübhəli məqamlar da mövcuddur.
Salehi onu da əlavə edib ki, Tehran Cinayət Məhkəməsində istintaq prosesində müttəhimə Azərbaycan səfirliyində odlu silahdan istifadə etməklə qəsdən adam öldürmək, bir ədəd “Kalaşnikov” silahı, bir ədəd tapança kimi odlu silah gəzdirmək və saxlamaq, ictimai asayişi pozmaq kimi müxtəlif ittihamlar irəli sürülüb. Digər ittihamlar, səfirliyin əmlakını məhv etmək, Azərbaycan vətəndaşları olan səfirlik əməkdaşlarını qəsdən yaralamaq kimi şikayətçilər tərəfindən irəli sürülən ittihamlarla bağlı cinayət işi açıqdır.
O boyda səfirlikdə terror aktı törədib, İran tərəfi isə onu ictimai asayışı pozmaqda ittiham edir.Sanki səfirliyə yox, məzmunca hansısa məişət xarakterli obyektə hücum edib. İttihamlarda heçbir siyasi, terror aktı motivi yoxdur.
“Ortada terror aktı ola-ola, İran tərəfi bunu məqsədyönlü şəkildə məişət zəminində cinayət kimi təqdim edir”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən hüquqşnas Şəmsəddin Əliyevin fikrincə, İran tərəfinin istintaqı belə aparması qəbuledilməzdir: “Azərbaycan səfirliyinə terror hücumu tamamilə başqa məsələlərdən xəbər verir. İran da daxil olmaqla müəyyən qüvvələr Qafqazda sülh istəmirlər. O üzdən, Azərbaycanda sabitliyin pozulmasında maraqlıdılar. O cümlədən, qonşu dövlətlərlə münasibətlərin tənzimlənməsini istəmirlər. İranın əməllərində həm də diplomatik eyham var. Dinimiz, kitabımız bir olsa da bu dövlət Azərbaycana qarşı tamamilə başqa ruhda davranır. Bütün bunlar İran diplomatiyasının Azərbaycana qarşı olan hərəkətinin bariz nümunəsidir. Ortada terror aktı ola-ola, İran tərəfi bunu məqsədyönlü şəkildə məişət zəminində cinayət kimi təqdim edir. Üstəlik, məsələnin siyasi səbəblərini görməzdən gəlirlər. Halbuki, məlum terror aktı həm də siyasi səbəblərdən qaynaqlanır. 27 yanvarda səfirliyimizdə törədilən terror aktından sonra birsıra aparıcı ölkələrin ekspertləri hücumun arxasında İrandakı hakim rejimin dayandığını qeyd etdilər. Arqumentlərini onunla əsaslandırırdılar ki, hakimiyyətin marağı olmasaydı, həmin terror aktı baş tutmazdı. O üzdən, İran hakimiyyəti bütün vasitələrlə çalışır ki, bunun əsil motivini ört-basdır etsin. İran Cinayət Məcəlləsində də terrorçuluq mübarizə maddəsi var. Onlar bu maddə ilə məsuliyyətə cəlbetmə əvəzinə, tamamilə başqa maddə ilə ittiham irəli sürürlər. Yəni, qəsdən adamöldürmə ilə ittiham edirlər. İttihama baxanda görürük ki, əsas məsələ kənarda qalıb. Bütün bunlarla İranın müvafiq qurumları tamamilə yanlış istiqamətdə istintaqı yönəltdilər. İran rəsmi şəxsləri tamamilə bayağı təqdimatla çıxış edirlər. Halbuki, gərək onlar istintaq zamanı Azərbaycan tərəfi ilə əməkdaşlıq edəydilər. Əslində burada cinayətin subyekti tək deyil. Ona havadarlıq edən məmurlar var. Ona görə də cinayətin sifarişçiləri ortaya çıxarılmalı idi. Bu baxımdan İran tərəfinin apardığı istintaqı və onun nəticələrini obyektiv hesab etmək olmaz”.
Vidadi ORDAHALLI