44 günlük Vətən müharibəsi bir daha göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik var, hər kəs ictimai və dövlət maraqlarının müdafiəsi naminə yumruq kimi birləşməyi özünə borc bilir.
Müharibə dövründə bütün vətəndaşlarımız həmrəylik göstərərək öz əməlləri ilə ön cəbhədə vuruşanlara əllərindən gələn köməyi əsirgəmədilər, istənilən maddi və mənəvi dəstək verməyə hazır olduqlarını göstərdilər, ölkədə fəaliyyət göstərən müxtəlif siyasi partiyalar siyasi baxışlarını bir kənara qoyaraq milli birlik nümayiş etdirdilər. Göstərdilər ki, siyasi, dini, sosial mövqeyindən asılı olmayaraq Vətənin ümumi maraqları, Azərbaycan xalqının birliyi hər bir vətəndaş üçün şəxsi arzu və istəklərdən öndədir. Qətiyyətimizlə onu də göstərdik ki, biz birlikdəyik və güclüyük! Qələbəmizin qazanılmasında, Zəfər əldə etməyimizdə birliyimizin rolu əvəzsizdir.
Vətən müharibəsindən indiki zamana qədər olan zaman kəsiyində də siyasi partiyalar Qarabağ naminə dövlət maraqlarının müdafiəsi istiqamətində həmrəyliyi davam etdirirlər. Elə bunun nəticəsi olaraq siyasi partiyaların sədrləri və təmsilçiləri, politoloqlar və mətbuat nümayəndələri Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyətilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin rəhbərliyi altında Şuşa şəhərinə səfər ediblər. Səfərdə 43 siyasi partiyanın 55 nümayəndəsi iştirak edib.
İşğaldan azad edilən ərazilərə təşkil olunmuş səfərdə…
İqtidar-müxalifət dialoqu Azərbaycan dövlətçiliyinin qorunması və inkişafı üçün, eləcə də Azərbaycanın timsalında regionun dayanıqlı inkişafını təmin edən bir vasitədir. Məhz bu dialoqun vasitəsilə siyasi partiyaların fəaliyyəti üçün hüquqi və təşkilati əsaslar yaradılıb. Ölkəmizdə mövcud siyasi partiyaların sayı bilavasitə Azərbaycanda yaşanan siyasi plüralizmdən xəbər verir. Azərbaycanda demokratik münasibətlərin inkişafı naminə partiyalara hökumət tərəfindən ayrılan diqqət artır və şaxələnir. Xüsusilə də Qarabağ mövzusunda siyasi həmrəyliyin təcəssümü olan siyasi dialoqun ölkəmizdə mövcudluğu eyni zamanda siyasi sabitliyi təmin edən əsas amillərdən biridir. Təqdirəlayiq haldır ki, hökumətin bu cür təşəbbüslərində alim, siyasi ekspert və şərhçilər də fəal iştirak edirlər. Bununla Azərbaycan hökuməti, əslində müxtəlif sahələrin potensialının səfərbər olunmasını təmin edir. Belə ki, işğaldan azad edilən ərazilərə təşkil olunmuş səfərdə siyasi partiya nümayəndələri ilə yanaşı politoloq və siyasi şərhçilərin iştirakı heç də təsadüfi sayıla bilməz.
İctimai və dövlət maraqları hər bir cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edir
İctimai və dövlət maraqlarının təmin olunmasında ən önəmli məsələlərdən biri də ölkənin xarici qüvvələrin təsirindən qorunmasıdır. Məlumdur ki, zaman-zaman Azərbaycanda inkişafa mane olunması, son nəticədə qarşıdurma mühitinin yaradılması və ölkənin mənfi imicinin formalaşdırılması istiqamətində müəyyən qüvvələr tərəfindən fəal iş aparılıb. Belə ki, xaricdən himayə olunan bəzi marginal qruplar onların əlində alətə çevriliblər. Dövlət rəsmiləri də zaman-zaman çıxışlarında Azərbaycanın milli maraqlarına zərbə vurmaq yönündə xidmət göstərən bəzi QHT və KİV-lərin olduğunu bəyan ediblər. Elə buna görə də Azərbaycanın dövlət maraqlarına zidd olan bu fəaliyyətin qarşısının alınması üçün bir sıra addımlar atılıb. Məsələn, QHT-lər haqqında qanunvericiliyə dəyişiklik edilib. Xarici donorların bəzi QHT-ləri maliyyələşdirməsinə qanuni şəkildə məhdudiyyət qoyulub. Bu, xarici donorların Azərbaycanda daxili sabitliyə yönəlik planlarının qarşısının alınmasında mühüm rol oynayıb və beləcə həm ictimai, həm də dövlət maraqlarının qorunması təmin edilib. Beləliklə, ictimai və dövlət maraqları hər bir cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edir. Ona görə də, bu maraqların qorunması hər zaman əsas vəzifə kimi qarşımızda dayanmalıdır.
Müharibədən əvvəl də ölkəmizdə yeni bir siyasi iqlim yaranmışdı. Çünki bizim hamımızın, bütün vətənpərvər qüvvələrin bir amalı var idi - torpaqlarımızın işğaldan azad edilməsi. Azərbaycan buna nail oldu. Bu gün isə bizim qarşımızda bu Qələbəni siyasi yollarla möhkəmləndirmək, erməni faşizminin baş qaldırmasına yol verməmək, beynəlxalq müstəvidə keçmiş münaqişə ilə və indiki reallıqlarla bağlı, o cümlədən dağıdılmış ərazilər haqqında məlumat çatdırmaq vəzifəsi durur. Azərbaycan cəmiyyəti Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin bu siyasi kursunu dəstəkləyir və onu öz xilaskarı kimi görür. Belə bir şəraitdə siyasi dialoqdan imtina edənlər isə tarixin arxivinə gömülməkdən başqa heç nəyə yaramır.
Cəmiyyət birmənalı şəkildə anladı ki, radikal müxalifətin tənqidi ritorikası emosional və spekulyativ xarakterli demaqogiyadan başqa bir şey deyildir. 30 il ərzində nə baxışlarında, nə də siyasi fəaliyyətində yenilik etməyən belə partiyalar əslində zamanla sıradan çıxmaq qorxusu yaşayır və onların emosional, əsassız ritorikasının təyinatı ölkəmizdə yeni təxribat xarakterli situasiyalarının yaradılmasından başqa bir şey deyildir.
Məhəmmədəli QƏRİBLİ Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.