Arazdəyəndə, Azərbaycanla sərhəddə inşa olunan “erməni-amerikan” metallurgiya zavodu başqa yerə köçürülür. Bu barədə Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası məlumat yayıb. Aİ missiyası avadanlıqların köçürülməsi prosesində iştirak edir.
Qeyd edək ki, rəsmi Bakı Arazdəyəndə iri metallurgiya zavodunun inşasının ekoloji problemlər yaratması səbəbindən yolverilməz olduğunu bildirir, işlərin dərhal dayandırılmasını tələb edirdi.
"ABŞ və Avropa İttifaqı Arazdəyəndə tikilməkdə olan metallurgiya zavodu ilə Ermənistana təzyiq etdi, ölkəmiz məlum mövzu ilə bağlı da qalib gəldi"
Siyası şərhçi Tural İsmayılov "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, Azərbaycan dəfələrlə sərhəddə hansısa metallurgiya zavodunun tikilməsini qanunsuz hesab edib. Bu mövzu ilə bağlı dəfələrlə beynəlxalq ictimaiyyətə müraciət edib. Beynəlxalq qanunlarda da qeyd edilir ki, iki ölkə arasında metallurgiya zavodunun tikilməsi düzgün deyil: "İlk olaraq bildirim ki, belə bir zavodun tikilməsi sağlamlıq üçün sərfəli deyil. Bir ölkə öz əhalisinin sağlamlığını radiasiya və ya hava çirklənməsinə qarşı təhdid yarandığını görən zaman digər ölkəyə bununla bağlı etirazını bildirməlidir. Beynəlxalq konvensiyalar da sərhədə yaxın ərazilərdə metallurgiya, radioaktiv maddələrin araşdırılması, bioloji laboratoriyaların quraşdırılmasına qarşı çıxır. Buna baxmayaraq ABŞ kapitalı ilə Azərbaycan sərhədinə çox yaxın ərazidə Ermənistan növbəti dəfə təxribat edərək belə bir zavod tikməyə çalışırdı. Arazdəyəndə tikilən metallurgiya zavodunu Ermənistanın daha ucqar, yaşayışın az olduğu yerlərdə rahatlıqla ərsəyə gətirmək olardı. Azərbaycanın dəfələrlə çağırışına rəğmən Ermənistan bu zavodun yerini dəyismirdi. Ölkəmiz bu məsələ ilə bağlı həm Avropa İttifaqına, həm də ABŞ-a etirazını bildirdi. Zavodun fəaliyyəti ilə bağlı ölkəmizin reaksiyaları, çağırışları müsbət sonluqla yekunlaşdı. ABŞ və Avropa İttifaqı Arazdəyəndə tikilməkdə olan metallurgiya zavodu ilə Ermənistana təzyiq etdi. Ölkəmiz məlum mövzu ilə bağlı da qalib gəldi".
Günel CƏLİLOVA