Azərbaycan prezidenti İlham Əliyev Tacikistana səfər edəcək və sentyabrın 14-15-də Düşənbədə keçiriləcək Mərkəzi Asiya dövlət başçılarının görüşündə fəxri qonaq qismində iştirak edəcək.
Bu barədə TASS-a Tacikistan Xarici İşlər Nazirliyi məlumat verib.
Beləliklə, bu sammitdə ilk dəfə olaraq regiondan kənar dövlət başçısı iştirak edəcək.
“Azərbaycan Prezidenti Mərkəzi Asiya Dövlət Başçılarının Beşinci Məşvərət Görüşündə fəxri qonaq qismində iştirak edəcək”, - Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.
Tədbirin proqramına əsasən, Tacikistan Prezidenti Emoməli Rəhmonla Əliyev arasında ikitərəfli görüş, o cümlədən Əliyevin Mərkəzi Asiya dövlət başçılarının görüşündə çıxışı nəzərdə tutulub.
2018-ci ildən keçirilən məşvərət görüşlərində əvvəllər Mərkəzi Asiyadan kənar ölkələrin dövlət başçıları iştirak etməyiblər.
Proqrama əsasən, Rəhmonun Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan prezidenti Sadır Japarov, Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov və Özbəkistan prezidenti Şavkat Mirziyoyevlə də ikitərəfli görüşləri planlaşdırılır. İclasda bütün dövlət başçılarının çıxış edəcəyi də planlaşdırılır.
Tahir TAĞIYEV