Sentyabrın 12-də Rusiya Federasiyası Quru Qoşunlarının komandanı ordu generalı Oleq Salyukov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-mayor Kirill Kulakovu müdafiə naziri general-polkovnik Zakir Həsənova təqdim edib.
Müdafiə naziri qonaqları salamlayaraq, Azərbaycan ilə Rusiya arasında əməkdaşlığın dostluq münasibətləri və qarşılıqlı etimada əsaslandığını qeyd edib. Qarabağ iqtisadi rayonunda əməliyyat şəraiti barədə danışan general-polkovnik Z.Həsənov son zamanlarda qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən törədilən təxribatların sayının artdığını xüsusi vurğulayıb.
Öz növbəsində Rusiya Federasiyası Quru Qoşunlarının komandanı ordu generalı O.Salyukov səmimi qəbula görə təşəkkürünü bildirib, ikitərəfli əlaqələrimizin tarixi köklərə əsaslandığını, ölkələrimizin strateji tərəfdaş olduğunu qeyd edib.
Burada diqqəti çəkən məqam odur ki, ilk dəfədir Qarabağdakı sülhməramlıların komandanı birinci Ermənistana yox, Azərbaycana səfər edir. Belə görünür ki, bəlkədə o, Ermənistan rəhbərliyi ilə görüşməyəcək. Ancaq əvvəlki komandanlar bağlı bunu demək mümkün deyildi. Sülhməramlıların ilk komandan general-leytnant Rüstəm Muradov oldu. Daha sonra onu general-mayor Mixail Kosobokov əvəz etdi. Kosobokovu general-mayor Andrey Volkov əvəzlədi. Daha sonra Aleksandr Lentsov, Oleq Salyukov komandan oldu. Sözügedən komandanlar birinci Ermənistana səfər edirdilər. K.Budanov isə Bakıya səfər etdi. Bu, Rusiyanın bölgədə siyasətinin dəyişdiyini göstərən amildir.
“Hiss olunur ki, Moskva Qarabağla bağlı mövqeyini daha da konkretləşir”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən media eksperti Yadigar Məmmədli hesab edir ki, yeni komandanın ilk səfərini Bakıdan başlaması Rusiyanın regionla bağlı siyasətinin dəyişməsinin göstəricisi sayıla bilər: “İlk dəfə komandanın Azərbaycana səfər etmsi və təmaslar qurması bunun elementlərindən biridir. Bu, Rusiyanın Ermənistana münasibətdə siyasətinin dəyişməsinin bir göstəricisidir. Çünki iki ölkə arasında gərginlik artır. Eyni zamanda biz görürük ki, Rusiya prezidenti Vladimir Putinin fikirlərində müəyyən konkret yanaşma var. Əvvəlki kimi ikibaşlı mövqedən çıxış etmir. Həmçinin, Qarabağla bağlı mediada müzakirələrdə Rusiya ekspertləri daha konkret fikirlər səsləndirirlər. Hiss olunur ki, Moskva Qarabağla bağlı mövqeyi daha da konkretləşir. Bu, müəyyən qədər gözlənilən idi. Çünki Ermənistanda Rusiyaya qarşı siyasət, tənqidlər getdikcə sərtləşir. Paşinyan hakimiyyəti sanki Rusiyadan daha da uzaqlaşır. Qərblə yaxınlaşma kursu götürür. Belə olan halda Rusiya da Ermənistanla bağlı siyasətinə yenidən baxır. Adekvat olaraq bir sıra tədbirlər görür. Ona görə də bütün bunlar nəzərə alınır. Azərbaycanın haqlı mövqeyinə önəm verilir. Bütün bunların nəticəsidir ki, Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-mayor Kirill Kulakov birinci Bakıya səfər edir. Fikrimcə bu, məsələnin nizamlanması yönündə atılan ciddi addımlardan biri kimi dəyərləndirilməlidir”.
Vidadi ORDAHALLI