Qarabağdakı xuntanın davranışı getdikcə daha konkret sərt tədbirlərin görülməsini zərurətə çevirir. Çünki nə qədər acınacaqlı olsa da, belə bir bir reallıq ortadadır. Problem ondadır ki, bu gün Qarabağın sülhməramlıların nəzarətində olan hissəsi, necə deyərlər, “boz zona”dır. Separatçılar sülhməramlıların arxasında gizlənərək “boz zona”da istədiklərini edirlər.
Qanusuz fəaliyyətlə məşğul olurlar, oranın sərvətlərini talayırlar, səngər qazmağa çalışırlar. Öz varlıqlarını dünyaya göstərmək üçün müxtəlif hoqqalardan çıxırlar. Əlbəttə ki, bütün bunlar Azərbaycanın suverenliyini təhdid edir. Çünki bunlar mərkəzi hakimiyyətə tabe olmaq istəmirlər. Bir vaxtlar Şimali İrlandiya, Kolumbiyada buna bənzər “boz zonalar” var idi. Görəndə ki, onlarla aparılan danışıqlar bir nəticə vermir, bu zaman dövlət öz gücünü işə saldı. Ona görə də Azərbaycan bənzər metodlara əl atmalıdır.
“Dünya praktikasında bununla bağlı necə hərəkət edirlərsə, biz də o cür addımlar atmalıyıq”
“Bakı-Xəbər”ə açıqlama verən AMİP funksioneri Əli Orucov hesab edir ki, Qarabağdakı “boz zona” ilə bağlı sərt addımların atmağın vaxtıdır: “Çünki artıq başqa yol yoxdur. Bunu bir sıra faktorlar şərtləndirir. Birincisi, rəsmi Bakı iki dəfə təklif göndərsə də separatçılar bizimlə danışıq aparmaqdan imtina ediblər. İkincisi, Ermənistan rəsmən bəyan edib ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Üçüncüsü, separatçılar Azərbaycanın göndərdiyi humanitar yardımı Ağdam yolu ilə Xankəndiyə buraxmır. Dördüncüsü, separatçıların ətrafında hələqə daralsa da, onlar qondama “seçkilər” keçirib şou yaratdılar. Beşincisi, əksər ölkələrin və beynəlxalq təşkilatların həmin “seçkiləri” tanımaması Azərbaycanın suverenliyinə dünyanın verdiyi birmənalı dəstəkdir. Bu baxımdan hesab edirəm ki, Qarabağda “boz zona”nın güc yolu ilə zərərsizləşdirilməsi üçün əlverişli zəmin var. Dünya praktikasında bununla bağlı necə hərəkət edirlərsə, biz də o cür addımlar atmalıyıq. Bu gün Qarabağdakı xuntanın, erməni separatçılarının davranışı, əslində güc tətbiq etməkdən başqa yol buraxmır”.
Vidadi ORDAHALLI