BMT baş katibinin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında Azərbaycan ərazisində erməni separatçıların keçirdiyi qondarma "seçkilər"lə bağlı sualını cavablandırarkən bunları deyib :
“BMT Təhlükəsizlik Şurasının Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təsdiq edən qətnamələrini xatırlatmaq istərdik və Ermənistanı ona hərtərəfli hörmət etməyə çağırırıq".
Sözçü əlavə edib ki, BMT baş katibi Ermənistanı və Azərbaycanı regionda sülh və təhlükəsizliyin rifahı naminə münasibətlərin uzunmüddətli normallaşması istiqamətində səyləri gücləndirməyə çağırır.
BMT-nin bu mövqeyini ermənilərə vurulan ikiqat zərbə kimi qəbul edə bilərikmi?
Siyasi şərhçi Sahil Kərimli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, BMT rəsmilərinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi və suveren ərazilərimiz olan Qarabağda qondarma seçkiləri pisləməsi ölkəmizin milli maraqlarına tam uyğundur: “Amma təəssüf ki, BMT həmişə olduğu kimi yenə quru bəyanatlarla kifayətlənir, işğalçı Ermənistanın separatçı hərəkətlərinə qarşı konkret tədbirlər görmür. Necə ki, Ermənistan 30 il ərzində BMT-nin qətnamələrini heçə sayaraq ərazilərimizi işğalda saxladı, bu gün də Paşinyan hökuməti öz qeyri-konstruktiv mövqeyindən əl çəkmir. BMT Azərbaycanı və Ermənistanı bölgədə sülhə və təhlükəsizliyə çağırır. Yaxşı olardı ki, BMT və digər beynəlxalq qurumlar Ermənistanı qınasın, İrəvana qarşı cəza tədbirləri həyata keçirsin. Çünki, bütün dünya görür ki, bölgəmizdə sülhə yeganə zərbəni Ermənistan vurur. Ermənistan bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir, digər tərəfdən isə suveren ərazilərimizdə keçirilən qondarma seçkiləri dəstəkləyir. Hətta bu günlərdə Paşinyan Qarabağdakı separatçı rejimin saxta rəhbərini də təbrik etdi. Bu addım Paşinyanın separatçılığı dəstəklədiyini, Azərbaycanın ərazi bütövlüyünə qarşı açıqca hörmətsizliyini göstərir. Belə olduğu halda Azərbaycan qətiyyətli və sərt tədbirlər görmək məcburiyyətindədir. Əgər bölgədə Ermənistanın hərbi təxribatları nəticəsində yeni müharibə başlayarsa, Azərbaycan öz suberen hüquqlarından istifadə edərək Qarabağdakı qanunsuz silahlı quldur dəstələrini məhv edərsə, burada məsuliyyət təbii ki, Paşinyan hakimiyətinin üzərində qalacaq. BMT və beynəlxalqm siyasi dairələr bunu başaş düşməildir. Nə qədər ki, Azərbaycan dövləti böyük səbr nümayiş etdirərək sərt və qətiyyətli addımlar atmayıb, beynəlxalq güclər Ermənistanı təxribatçı siyasətdən çəkindirməldir. Yalnız bu halda son günlər baş verən gərginlik səngiyə bilər. Yaxşı olardı ki, BMT qətnamələri və bəyanatları ilə bağlı işlək mexanizmləri də tətbiq etsin. Təəssüf ki, indi xatırladıqları 4 qətnamələrinin icrasını da onlar deyil, məhz biz təmin etdik. İstənilən halda BMT-nin bu mövqeyini yalnız dəstəkləyə bilərik”.
Məhəmmədəli QƏRİBLİ