Qarabağda yaşayan ermənilərə “Qarabağ Azərbaycandır” məzmunlu SMS-lər daxil olub. Bu barədə erməni KİV məlumat yayıb. Bildirilib ki, SMS-lər “9009”, “0044” və “4452” qısa nömrələrdən göndərilib.
Qeyd edək ki, rəsmi Bakı Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə yaşayan erməniləri Azərbaycan vətəndaşı hesab edir.
“Ermənilərin belə kampaniya aparması gözləniləndir, “Qarabağ Azərbaycandır” sms-ni insanlara göndərməklə nəyisə dəyişdirməyəcəklərini başa düşürlər”
Qarabağda yaşayan ermənilərə “Qarabağ Azərbaycandır” məzmunlu SMS-lərin göndərilməsi barədə fikir bildirən siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında bunları qeyd etdi: “Ermənilərin belə kampaniya aparması gözləniləndir. “Qarabağ Azərbaycandır” sms-ni insanlara göndərməklə nəyisə dəyişdirməyəcəklərini başa düşürlər. Bu tip sms-lər gərəksiz qıcıq yarada bilər. Ordakı sakinlərin, hətta Azərbaycan dövlətinə loyal münasibəti olanların əksəriyyətinin narahatlığına səbəb ola bilər. Hesab edirəm ki, bu tip sms-lər üçüncü dövlət tərəfindən göndərilir. Azərbaycan tərəfi belə bir sms göndərən deyil. Azərbaycan qeyri-ciddi dövlət deyil ki, bu tip məsələlərlə məşğul olsun”.
Siyasi şərhçinin sözlərinə görə, hansısa mərkəz Qarabağdakı ermənilərin ümumi ictimai əhvalını müəyyənləşdirmək üçün belə bir sms göndərir. Bu da mümkündür: “O da ola bilər ki, 3-5 nəfər belə bir sms gəlib. Ancaq onlar bunu kütləvi şəkildə təqdim edir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, ermənilərin özləri “Qarabağ Azərbaycandır” mesajini almasalar belə anlamalıdır ki, yolun sonudur. Onlar bizim qanunlarımız, Azərbaycan ərazi və dövlətinin suverenliyi çərçivəsində həmin yerdə normal şəkildə yaşaya bilərlər. Bunu anlamırlarsa Laçın yolu birətərəfli şəkildə bütün ermənilər üçün açıqdır. Ermənilər istədikləri zaman Qarabağdan üzü Ermənistana gedə bilərlər. Yəni Qarabağda yaşayan ermənilər istədikləri vaxt oranı tərk edə bilər. Azərbaycan bayrağı altında yaşamaq istəməyən, konstitusiyamıza tabe olmayan şəxslər üçün yol açıqdır”.
Günel CƏLİLOVA