Sentyabrın 12-də Avropa İttifaqının Monitorinq Missiyası İcevanda əməliyyat bazası açıb. Açılış mərasimdə müşahidəçilər missiyasının rəhbəri Markus Ritter, Aİ-nin Ermənistandakı nümayəndəsi Vasilis Maraqos, Ermənistan müdafiə nazirinin müavini Hraçya Sarkisyan və Tavuş vilayətinin qubernatoru Hayk Qalumyan iştirak ediblər.
Avqust ayında Aİ Monitorinq Missiyası Qafan şəhərində ikinci əməliyyat mərkəzini açıb. Hələ o zaman Aİ-nin monitorinq missiyasının rəhbəri Markus Ritter bildirmişdi ki, Aİ ümumilikdə Ermənistanda altı belə mərkəz açmağı planlaşdırır. Bu, Aİ-nin Ermənistanda dördüncü, Azərbaycanla sərhəddə isə üçüncü əməliyyat bazası oldu. Görünən odur ki, bunlar əməllicə Qazaxla sərhəddən başlayıb Zəngilana qədər pərçimlənirlər.
Maraqlıdır, bütün bunlarda məqsəd nədir?
“Aİ Monitorinq Missiyasının əməliyyat bazalarının sayının artırılması bu planın tərkib hissəsidir”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlı hesab edir ki, burada Avroittifaqın birsıra planları var: “Hazırkı dövrdə Ermənistanın Qərbə meyillənməsi, Aİ və ABŞ-la yaxınlaşması, Fransanın burada canfəşanlıq etməsinin müxtəlif səbəbləri var. Birincisi, Rusiyanın Ukrayna müharibəsində məğlubiyyətə doğru getməsi, zəifləməsi konteksində bunlar rusları Cənubi Qafqazdan çıxarmağı hədəfləyirlər. Daha sonra Rusiyanın yerini tutmağa çalışırlar. Yəni, indiki gedən proseslər Rusiyanın Qafqazdan çıxmasından sonrakı dövrə hesablanıb. Aİ Monitorinq Missiyasının əməliyyat bazalarının sayının artırılması bu planın tərkib hissəsidir. Mövcud Paşinyan hakimiyyəti Soros Fondunun dəstəyi ilə hakimiyyətə gəldiyinə görə, seçiciləri qarşısında öhdəliklər götürmüşdü. Öhdəliklər ondan ibarət idi ki, Ermənistan mərhələli şəkildə Qərbə inteqrasiya edəcək. Paralel olaraq Rusiyanın bu ölkədən çıxarılması təmin ediləcək. Rusiya Ukraynada müharibəyə başlamasaydı, Ermənistanda proseslər bu dərəcədə sürətlənməzdi. Paşinyan belə cəsarətlənməzdi. Baxın, KTMT missiyasını sərhəddə buraxmır, Aİ missiyasının sərhəddə aktivliyini artırır. Bunlar çox ciddi məsələlərdir. Sanki Avroittifaq bütün Ermənistan-Azərbaycan sərhəddinə nəzarət etməyə çalışır. Ermənistan əvvəl Rusiyanın forposu idisə, indi Qərbin forpostu olmağa can atır. Azərbaycan bu məsələdə ehtiyatlı davranır. Çünki bilir ki, Qərbin vədlərinə və nə edəcəyinə tam inanmaq olmaz. Bunu biz Gürcüstanda Saakaşvilinin dövründə gördük. Saakaşvili Qərbin maraqlarını müdafiə etsə də, 2008-ci il müharibəsində gərəkən dəstəyi almadı. Daha sonra o, hakimiyyəti itirdi. İndi həbsxanada olsa da Qərb onu müdafiə etmir. Avropa İttifaqı timsalında Ermənistanda əsas canfəşanlıq edən ölkə Fransadır. Bunun da tarixi səfəbləri var. Bu, həmin Fransadır ki, Osmanlı İmperiyası süqut edəndən sonra Türkiyənin yox olmasına çalışırdı. Ona görə də bütün bu dövlətlərin öz maraqları var. Avropa İttifaqı yaxşı bilir ki, erməniləri Cənubi Qafqaza köçürən Rusiya olub. Məqsəd burada xristian Ermənistanı vasitəsilə müsəlman ölkələrinə təsir etməkdir. İndi Aİ Emənistandan öz məqsədləri üçün istifadə etməyə çalışir. Bütün oyunlar bunun üstündədir”.
Vidadi ORDAHALLI