Rusiya lideri Vladimir Putinin Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda vaxtilə aparılmış Qarabağ danışıqları ilə bağlı səsləndirdiyi fikirlər ciddi rezonansa səbəb olub. Putin bildirib ki, Ermənistan keçmiş Dağlıq Qarabağ və ətrafındakı 7 rayona nəzarət etdiyi vaxtlarda İrəvana Laçın və Kəlbəcərlə bərabər, bütövlükdə keçmiş Dağlıq Qarabağ ərazisi təklif olunub.
Yəni keçmiş Dağlıq Qarabağ ətrafında işğal altında olan 7 rayondan 5-i qaytarılır, əvəzində keçmiş Dağlıq Qarabağ, Laçın və Kəlbəcər “faktiki olaraq Ermənistanın yuristiksiyasında” qalır.
Putinin iddiasına görə, Ermənistan bu təklifdən imtina edib. 10 noyabr 2020-ci il bəyanatı ilə keçmiş Dağlıq Qarabağın əhəmiyyətli hissəsinə rus sülhməramlıların yerləşdirilməsinə üstüörtülü şəkildə işğalın davam etməsi fürsəti kimi eyham vuran Putin deyib ki, “bu azmış kimi” Ermənistan rəhbərliyi Qarabağı Azərbaycan ərazisi olaraq rəsmən tanıyıb – Praqa bəyanatı ilə 1991-ci il Almatı bəyannaməsi təsdiqlənib! Başqa sözlə “faktiki olaraq” Paşinyan Azərbaycanın ərazi bütövlüyünə imza da atıb. Bundan sonra daha Rusiyanın görəcəyi bir iş qalmayıb. “İndi də İlham Əliyev mənə deyir ki...” sözlərilə isə fakt qarşısında qaldığını və heç nə edə bilməyəcəyini bildirdi.
Maraqlıdır ki, Putin 15 il əvvəl olan təklifdən danışır. Ancaq Azərbaycanın Qarabağı, üstündə də Laçın və Kəlbəcəri ermənilərə vermək təklifinə etiraz etdiyini demir. Azərbaycan buna gedərdimi?
Politoloq Amid Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Putinin ötən gün Vladivastokda səsləndirdiyi fikirlər əslində “Madrid prinsipləri”nin bəndləridir ki, Putin onları təkrarlayır: “Əvvəlki illərdən də Rusiyanın vasitəçiliyi ilən aparılan danışıqlardan çox gözəl başa düşürdük ki, Kəlbəcər və Laçının Ermənistana verilməsi, bufer zona kimi yaradılması, digər rayonların Azərbaycana qaytarılması nəzərdə tutulmuşdu. Lakin bu prinsiplər Azərbaycan tərəfindən qəbul edilmədi. Yəni, Azərbaycan heç bir zaman öz ərazilərinin Ermənistana verilməsinə, bufer zonası kimi məhz Azərbaycan rayonlarının hesabına yaradılmasına razı olmadı. Vladivastokda səsləndirilən bu fikirlər bir daha onu göstərdi ki, Rusiya günün bu günündə öz imperialist xislətindən əl çəkmir. Orada bütün məsuliyyəti Paşinyanın üzərinə yıxır və bildirir ki, Paşinyan Qarabağı Azərbaycana verib, Azərbaycanın ərazisi kimi tanıyır. Praqa danışıqlarında da 86,6 kv km ərazini Azərbaycan ərazisi kimi tanıdığını deyir. Bütün bu günahları Paşinyanın üzərinə atmaq istəyir. Bir məsələni xüsusilə qeyd etmək lazımdır ki, o arada Putin öz çıxışında humanitar fəlakətə və etnik təmizləməyə də xüsusi diqqət yetirirdi. Rusiya bildirmək istəyir ki, Qarabağla bağlı məsələ bitsə, Azərbaycan ərazisi olsa da, humanitar fəlakətlə bağlı bölgədə qalacaq. O bu məsələlərin yumşaq həyata keçməsində belə Azərbaycanla işləməyə davam edəcək. Bu o deməkdir ki, Rusiya Federasiyası sülhməramlı qüvvələrin hələ də bölgədə qalma ehtimalı var, onlar buna israrlıdır, ərazidən çıxmaq istəmirlər. Ermənistanla münasibətlərə gəldikdə isə, Ermənistan oyundan çıxsa da, qalsa da Rusiya bölgədə qalmada çox israrlıdır. Biz Putinin çıxışında bu detalları alt sətirdə daha açıq - aydın gördük. Çünki, Rusiya Federasiyası ərazini elə də asan tərk etmək istəmir. Rusiyanın ümumilikdə bölgədən çıxması Rusiya Ukrayna müharibəsi və qlobal gedən siyasi proseslərdən asılı olacaq. Ermənistan tərəfinin yaratdığı şoularda isə açıqca Ermənistana havadarlıq edən Qərb tərəfin partnyorlarının dəstəyini görürük. Ermənistanın atacağı addımlardan çox şey asılıdır. Konstruktiv mövqe tutmayacağı təqdirdə Azərbaycan təkbaşına problemi həll edəcək. Qarabağda öz suverenliyini tam təmin edəcək”.
Məhəmmədəli QƏRİBLİ