Özündən sonrakı rəhbərə hakimiyyəti könüllü qaydada hansı plan və niyyətlə verdiyini deyə bilmərəm. Hər halda əminliklə demək olar ki, şəxsən özünün bu vəziyyətə salınacağını öncədən bilsəydi, ölsə də hakimiyyəti əldən verməzdi.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Keçmiş Sovet məkanında hakimiyyətin "patriarxlarından" biri olaraq o, bilməmiş deyil ki, postsovet məkanında mütləq əksəriyyət üçün hakimiyyət sərhədsiz səlahiyyətlər, şan-şöhrət və misilsiz var-dövlət deməkdir. Hakimiyyətdən getdinsə, həmin anda bunların hamısı yox olur... Bax, "pariya" budur, yəni dövlətdən heç kimə lazım olmayan gücsüz və səlahiyyətsiz bir subyekt kimi atılmaqdır...
Hakimiyyətdən sonra onun bütün imtiyazları ləğv olundu, şəxsi mühafizəsi, yüksək pul təminatı, pullu köməkçiləri , qərargahı, "şikarnı" evi, dövlət bağı, bütün ölkəni pulsuz gəzib-dolaşmaq imkanı, bir sözlə, "pensiya cənnəti" artıq yoxdur.
Nazarbayevin son qalası son rezidensiyası idi, bu günlərdə onu da əlindən alıb dövlət qərarı ilə Uşaq sağlamlıq mərkəzinə çevirdilər...
Nazarbayev əslində öldü... Viktor Hüqo yazıb: "Ölümdən sonra da yaşamaq istəsən ya oxumalı şeylər yazın, ya da yazılmalı işlər görün". Onun yazılmalı işləri var. Ancaq nələr və necə yazılacaq?!..
Allah heç bir dövlət xadiminə belə sonluq qismət eləməsin. Ancaq unutmayaq - hər kəs öz sonluğunu özü hazırlayır...
Tahir TAĞIYEV