Fransa prezidenti Emmanuel Makronun sentyabrın 8-də vəfat edən İngiltərə kraliçası II. Elizabetin dəfn mərasimində diplomatik böhrana səbəb olduğu ortaya çıxıb.
Britaniya administrasiyası dəfn mərasimində iştirak edən liderləri avtobuslarla mərasimin keçiriləcəyi kilsəyə və Bukingem Sarayına aparmağa qərar verib. Yalnız ABŞ prezidenti Co Baydenin xidməti avtomobilindən istifadə etməsinə icazə verilib.
Ancaq bu yaxınlarda məlum olub ki, Fransa prezidenti Makron diplomatik nəzakətsizlik göstərərək Baydenə verilən avtomobil imtiyazının ona da verilməsini istəyib.
Bildirilir ki, tələbi diplomatik böhrana səbəb olan Makron hadisə baş verən gün saraya gedən avtobusa minməmək üçün həyat yoldaşı Bricit Makronla bilərəkdən uzun gəzintiyə çıxıb.
“Daily Mail” yazır ki, cütlük onlara bildirilən avtobusun yola düşmə vaxtından daha uzun müddət piyada getməklə onlara da avtomobil imtiyazı verilməsinə nail olublar. Britaniya administrasiyası diplomatik nəzakət həddini aşan Fransa prezidenti və onun həyat yoldaşı üçün də limuzin icarəyə götürməyə məcbur olub.
Tahir TAĞIYEV