Muğam sənəti ilə azərbaycançılığın vəhdəti...

Azərbaycançılığın bizə verdiyi töhfə, bizim azərbaycançılığa göstərdiyimiz xidmət zamanla özünün yüksək həddinə çatacaq. Azərbaycançılıq ideologiyası deyəndə bu ancaq bir-iki tezislə, baxış bucağı ilə məhdudlaşmır. Bu böyük coğrafiyanı əhatə edən humanist bir ideologiyadır. Azərbaycançılığı minillər, yüzillər boyu yaşadan, təbliğ edən, nəsillərdən- nəsillərə ötürən xalq musiqisi bu sahədə böyük rola malikdir. Musiqi tariximizi, aşıq sənəti və muğam sənəti səhifələrini araşdıranda burada azərbaycançılığın, onun daşıdığı xəlqi prinsiplərin şahidi oluruq. Azərbaycançılıq dünyaya sirayət edən bir ideologiyadır və dünyada 50 milyondan artıq insan bu ideologiyaya xidmət edir.
Azərbaycan muğamı bu gün dünyada çox məşhurdur, sevilir, geniş səviyyədə təbliğ, təşviq edilir.
Vaxtilə Azərbaycan dövlətinin qurucusu, Azərbaycan Respublikasının sabiq prezidenti mərhum Heydər Əliyev deyirdi: "Bizim xalqımızın böyük musiqi mədəniyyəti tarixi var. Azərbaycan xalqının qədim dövrlərdən indiyə qədər yaşayan xalq musiqisi, xalq mahnıları, Azərbaycan muğamları milli sərvətimizdir".
Ekspertlər qeyd edir ki, qüdrətli söz, həqiqi poeziya, sözün fəlsəfi dərinliyi, şeirin heyrətləndirmək gücü Azərbaycan muğamı ilə vəhdətdə olmaqla onu daha da rövnəqləndirib. Əsrlər boyu ustad xanəndələr söz üzərində sərraf kimi düşünərək onun məna gözəlliyinə və axıcılığına xüsusi diqqət yetirmişlər. Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Molla Pənah Vaqif, Seyid Əzim Şirvani, Xurşidbanu Natəvan, Əliağa Vahid və başqa şairlərimizin qəzəlləri üstündə oxunan "Rast", "Şur", "Segah", "Çahargah", "Bayatı-şiraz", "Şüştər", "Humayun", eləcə də "Şahnaz", "Mahur-hindi", "Rahab", "Heyratı", "Arazbarı", "Simayi-şəms", "Mənsuriyyə", "Qarabağ şikəstəsi", "Kəsmə şikəstə" və başqa muğamlar tükənməz söz-sənət çeşnəsi kimi milli musiqi mədəniyyətimizi zənginləşdirib.
Azərbaycan muğamının ən mükəmməl elmi əsasını XX əsrdə dahi bəstəkar Üzeyir Hacıbəyov qoyub. Bu dövrdə muğam Azərbaycan bəstəkarlarının, şairlərinin ilham mənbəyi olmaqla qiymətli sənət əsərlərinin meydana gəlməsinə öz təsirini göstərib. Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Soltan Hacıbəyov, Cahangir Cahangirov, Süleyman Ələsgərov, Vasif Adıgözəlov və başqaları muğam sənətinə əsaslanaraq qiymətli sənət nümunələri yaratmışlar. Azərbaycan musiqisində simfonik muğamların yaranması muğam sənətinin rəngarəngliyini, onun sərhədsiz imkanlarının geniş olduğunu göstərməkdədir. Fikrət Əmirovun "Şur", "Gülüstani-bayatı-şiraz", Niyazinin "Rast", Süleyman Ələsgərovun "Bayatı-şiraz" simfonik muğamları, Vasif Adıgözəlovun "Qarabağ şikəstəsi" oratoriyası, Vaqif Mustafazadənin muğam əsasında ifa etdiyi əsərlər, bəstələdiyi musiqilər dünyanın müxtəlif ölkələrində dinləyiciləri valeh edib.
Ötən əsrin 70-ci illərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə milli dəyərlərimizin yaşadılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində muğam sənətimiz də yeni inkişaf mərhələsinə qədəm qoymuş, muğam ifaçıları və bu sənəti yaşadanlar qayğı ilə əhatə olunmuşlar.
1971-ci ildə UNESCO-nun 50 albomdan ibarət olan "Dünya ənənəvi musiqisinin antologiyası" seriyasına "Azərbaycan musiqisi plastinkası" da daxil edilmiş, 1975-ci ildə Azərbaycan muğamları "Musiqi mənbələri" seriyasında buraxılıb.
Müstəqillik illərində də Azərbaycan musiqisinin və muğamının inkişafında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olub. 2002-ci ilin noyabr ayında UNESCO tərəfindən muğam sənəti "Bəşəriyyətin qeyri-maddi mədəni irsi reprezentativ siyahısı"na daxil edilib. Ulu öndərin 2003-cü il 16 may tarixində imzaladığı "Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, muğam-dəsgahlar, zərb muğamlar, təsnif və rənglər də qorunan folklor nümunələri siyahısına salınıb. Həmçinin müxtəlif festivallarda, beynəlxalq müsabiqələrdə, dünyanın mötəbər mədəniyyət və musiqi tədbirlərində Azərbaycan muğamı əzəmətlə səslənib. Bütün bunlar sonrakı illərdə zəngin muğam sənətimizin inkişafı və tanıdılması baxımından dəyərli ənənənin əsasını qoyub.
Bu gün Azərbaycanda muğam sənətinə, musiqimizə dərin məhəbbət və ehtiram var. Onun qorunub saxlanmasına və təbliğinə xüsusi diqqət göstərilir. Ölkəmizdə elə bir musiqi tədbiri yoxdur ki, orada muğam sədası eşidilməsin. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə yaradılan və yüksək səviyyədə inşa olunaraq istifadəyə verilən Beynəlxalq Muğam Mərkəzi qədim sənətə göstərilən diqqət və qayğının daha bir ifadəsidir. Ölkə başçısı deyib: "Muğam Azərbaycanın milli sərvətidir. Azərbaycan xalqı əsrlər boyu bu gözəl sənəti öz həyatında uca tutmuşdur, öz qəlbində saxlamışdır. Nəsildən-nəslə keçən muğam sənəti bu gün də Azərbaycanda yaşayır, qorunur, inkişaf edir".
Məlumdur ki, muğam sənətinin qorunub saxlanması və tanıdılması istiqamətində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən silsilə tədbirlər müstəsna rol oynayır. Son illər ölkəmizdə bir sıra irimiqyaslı layihələr həyata keçirilib, muğam müsabiqələri təşkil olunub, "Qarabağ xanəndələri" albomu buraxılıb, "Muğam" jurnalı, "Muğam ensiklopediyası" nəşr edilib. Muğama dair ilk tədris vəsaiti kimi 8 diskdən ibarət "Azərbaycan muğamı" multimedia toplusu hazırlanıb. Azərbaycanda 2009-cu ildən başlayaraq iki ildən bir Beynəlxalq Muğam Festivalı və bu festival çərçivəsində Beynəlxalq "Muğam aləmi" simpoziumu keçirilir.
Naxçıvan Muxtar Respublikasında da muğam sənətinin yaşadılması istiqamətində ardıcıl tədbirlər görülür.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, Naxçıvan MR Ali Məclisi sədrinin "Naxçıvan Muxtar Respublikasında xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında" 2009-cu il 7 fevral tarixli sərəncamına əsasən, keçirilən xalq yaradıcılığı günlərində zəngin folklor nümunələri ilə yanaşı, muğamlarımız da gənc nəslə aşılanıb. Nazirliyin press-relizində qeyd edilir ki, 2012-ci ilin Muxtar Respublikamızda "Milli dəyərlər ili" elan olunması isə muğam musiqisi sahəsində yaddaqalan tədbirlərlə əlamətdar olub. Həmin il keçirilən "Milli dəyərlərimiz - milli sərvətimiz" folklor və muğam müsabiqəsi ictimaiyyət tərəfindən maraqla qarşılanıb. 2013-cü ildə ölkəmizdə keçirilən "Muğam müsabiqəsi-2013" televiziya müsabiqəsinin bir mərhələsi Naxçıvanda keçirilib, müsabiqənin münsiflər heyətinin üzvləri, tanınmış muğam ustadları Naxçıvan Dövlət Universitetində olmuş və ustad dərsləri keçmişlər. Muxtar Respublikada son illər xalq musiqimizin, muğamlarımızın nota köçürülməsi ilə bağlı görülən işlər də bu sahəyə göstərilən diqqət və qayğının ifadəsidir. Bu gün Naxçıvanda muğam sənətinin öyrənilməsi, təbliği və tədrisi sahəsində mühüm işlər həyata keçirilir. Naxçıvan Musiqi Kollecində, musiqi məktəblərində muğam dərsləri tədris olunur, gənc muğam ifaçıları yetişdirilir. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən muğam ustadları Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına, Prezident təqaüdü və mükafatlarına layiq görülmüşlər. Musiqimizi və muğamlarımızı yaşadan sənətkarlarımızın yubileylərinin qeyd olunması da gözəl ənənəyə çevrilib.
Tarixdən bəllidir ki, muğam sənəti Azərbaycanın professional musiqi mədəniyyətinin şifahi irsinin mühüm qismini təşkil etməklə, Azərbaycan xalqının mədəni ənənələrində və tarixində dərin köklərə malikdir. Bu mədəni ənənənin Azərbaycanda köklərinin olması ölkədə onun daşıyıcılarının sayı, eləcə də onun Azərbaycan bəstəkarlarının, rəssamlarının, heykəltəraşlarının və şairlərinin tükənməz ilham mənbəyi olan milli mədəniyyətdə mühüm rolu ilə təsdiqlənir. Bir sıra ümumi, bədii cizgiləri Azərbaycan muğamını İran dəstgahları, özbək-tacik şaşmakomları, uyğur mukamları, hind raqaları, ərəb nubaları, türk təqsimləri ilə qohumlaşdırır və bütün bunlar Şərq musiqisinin ümumi-bədii ənənələrini təşkil edir. Bununla yanaşı, muğam sənəti azərbaycanlılar tərəfindən milli özünüdərk və özünü eyniləşdirmənin əsasını təşkil edən başlıca mədəni dəyərlərdən biri kimi qavranılır. Tədqiqatçılar yazır ki, bu sənət Azərbaycan ərazisində yaşayan talışlar, dağlı yəhudilər, ermənilər, ləzgilər, gürcülər, avarlar kimi etnik qruplar arasında da populyardır.
Tədqiqatçılar qeyd edir ki, həm milli mədəniyyət üçün, həm də bütün bəşəriyyətin mədəniyyəti üçün Azərbaycan muğamının bədii dəyəri, onun yüksək mənalılığının 2003-cü ildə UNESCO kimi nüfuzlu beynəlxalq təsisat tərəfindən etiraf olunması bizim nailiyyətimiz, azərbaycançılığın uğurudur.
Alimlər yazır ki, Azərbaycan musiqisində "muğam" termini eyni zamanda lad, melodiya və janr kateqoriyalarını bildirir. Bu termin lad mənasında azı yeddi yüzildir mövcuddur. Yazılanlara görə, XIV yüzildə yaşamış görkəmli Azərbaycan musiqi nəzəriyyəçisi, ifaçısı və bəstəkarı olan Əbdülqadir Marağainin risaləsində o, orta əsrlərdə Yaxın və Orta Şərq musiqisində geniş yayılmış 12 əsas lada (Busəlik, Nəva, Üşşaq, Rast, İraq, İsfahan, Zirafkənd, Bozurq, Rəhavi, Hüseyni və Hicaz) münasibətdə tətbiq edilir. Məlumatlara görə, hazırda Azərbaycan musiqisində təkcə yeddi əsas ladı (Rast, Şur, Segah, Çahargah, Bayatı-Şiraz, Humayun, Şüştər) deyil, həm də çoxsaylı tonal variantları (Mahur, Dügah, Bayatı-Qacar, Xaric Segah, Orta Segah, Mirzə Hüseyn Segahı, Yetim Segah və s.) da muğam adlandırırlar. Muğam termini geniş mənada, eləcə də başlıca ladların şöbələrinə də aid edilməklə, onları da ümumilikdə lad kimi əks etdirir.
Tədqiqatçılar vurğulayır ki, Azərbaycanın çağdaş musiqi məişətində habelə sərbəst vəznli melodiyaları da "muğam" adlandırırlar. Hərçənd ənənəvi muğam repertuarı müxtəlif tipləri - müəyyən vəzni olmayan improvizasiya xarakterli melodiyaları ("bəhrsiz hava"), takt vəzni ilə melodiyalar ("bəhrli hava") və qarışıq vəznli melodiyaları ("qarışıq bəhrli hava") özündə birləşdirsə də, musiqiçidən muğam ifa etməsi xahiş olunanda istisnasız olaraq "bəhrsiz hava" nəzərdə tutulur. Geniş yayılmış fikrə görə, muğamın melodik üslubu öz kökləri ilə Quranın ənənəvi oxunuşuna gedir, lakin bəzi alimlər bunun mənşəyini Avestanın himn ənənələrində görür. Bu iki nöqteyi-nəzər muğam melodik üslubunun mənşəyini müəyyən etməkdə haçalansa da, öz mənşəyinə görə sakral təzahür kimi qiymətləndirmədə üst-üstə düşür.
Muğam Azərbaycanın ənənəvi musiqisinin ən iri janrının ümumi adıdır, muğam formalarının bütün növlərinə şamil olunur, hərçənd onlardan hər birinin öz ayrıca adı mövcuddur. Bu janrı təmsil edən başlıca musiqi formaları - dəstgah (vokal-instrumental və ya sırf instrumental növlər), muğam (vokal-instrumental, solo-instrumental və solo-vokal növləri) və zərbi-muğamdır.
Tədqiqatçılar yazır ki, Azərbaycan musiqisində mövcud olan bütün muğam formaları arasında öz miqyasına və bədii ideyasına görə ən böyüyü dəstgahdır.
Yazılanlara görə, vokal-instrumental dəstgahlar (dəstgahın ən erkən növü) Azərbaycanda XIX yüzildə əsasən Şuşa, Şamaxı, Bakı, Gəncə, Lənkəran, Şəki şəhərlərində geniş yayılıb. Dəstgahlar özünün ilk elmi təsvirini Azərbaycan alimi Mir Möhsün Nəvvab Qarabağinin "Vüzuh ül-ərqam" (1884) risaləsində tapıb. Buna baxmayaraq, dəstgahlar XX yüzilin 20-ci illərinədək sabit forma prinsiplərinə malik olmamışlar. Eyni bir dəstgah Qarabağ, Bakı və Şamaxı muğam ifaçılığı məktəbinin versiyalarında fərqli şəkillərdə ifa oluna bilərdi.
Yazılanlara görə, 1922-ci ildə muğamın tədrisi Bakıda açılmış ilk Avropa tipli musiqi tədris müəssisəsinin dərs proqramına daxil edilib. Tədris proqramının tərtibi sonda Azərbaycan dəstgahlarının strukturunda xeyli islahatlara və ənənəvi məhəlli məktəblərin nisbi unifikasiyasına gətirib çıxardı. Üzeyir Hacıbəyovun (1885-1948) göstərişinə əsasən, o vaxtın ən nüfuzlu musiqiçilər qrupu (Mirzə Fərəc Rzayev, Mirzə Mansur Mansurov, Əhməd xan Bakıxanov, Arsen Yaramışev, Seyid Şuşinski, Zülfi Adıgözəlov) dəstgahların ixtisar edilmiş tədris versiyalarını işləyib hazırladılar. Keçən əsrin 20-ci və 30-cu illərində tədris versiyaları ilə yanaşı olaraq, böyük sənətkarların - o vaxtın ustadlarının genişləndirilmiş versiyaları da mövcudluğunu davam etdirirdi. Lakin sonralar ixtisar edilmiş versiyaların ifası konsert təcrübəsində, radio çıxışlarda, qrammofon yazılarında da mövqeyini möhkəmlətməyə başladı. Muğamşünaslar yazır ki, XX yüzilin birinci onilliklərində Azərbaycan dəstgahlarının tərkibində ifa olunan bir çox melodiyalar 60-70-ci illərdə artıq unudulmuşdu...
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.