Bakının Mərkəz adlı yeni rayonu – 4 rayon ləğv oluna bilərmi...

Sosial şəbəkələrdə Bakının dörd rayonunun birləşdiriləcəyi barədə məlumat yayılıb. Məlumatlarda qeyd olunur ki, paytaxtın Səbail, Yasamal, Nəsimi və Nərimanov rayonları birləşdirilərək Mərkəzi rayon yaradılacaq.
Qeyd edək ki, bir müddət öncə Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimləri ilə görüşündə belə bir təkliflə çıxış etmişdi. Elbay Qasımzadənin təklifində paytaxtın tarixi mərkəzinin sərhədlərinin müəyyənləşməsi, Bakının tarixi mərkəzləri əsasında xüsusi ərazi vahidinin yaranması məsələsi öz əksini tapmışdı. Bu məsələ yenidən aktullaşıb. Bakının dörd rayonunun birləşərək Mərkəz rayon olacağı bildirilir.
- Elbay Qasımzadə: “Dörd rayonun birləşdirilməsində məqsəd Bakının tarixi mərkəzinin qorunub saxlanılmasıdır”
Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə bildirdi ki, bununla bağlı hazırlanan təklif Prezident Administrasiyasına təqdim olunub. Dörd rayonun birləşdirilməsində məqsəd Bakının tarixi mərkəzinin qorunub saxlanılmasıdır: “Bu gün Bakının tarixi mərkəzi dörd inzibati rayonun arasında bölünüb. Bunlar Səbail, Yasamal, Nəsimi və Nərimanov rayonlarıdır. Nə qədər bu rayonlara mərkəzdən rəhbərlik edilsə də, təbii ki, dörd rəhbərin, dörd komandanın hərəsinin bu işə baxışı müxtəlifdir. Mən təklif etdim ki, sərhədlər müəyyənləşsin və Bakının tarixi mərkəzi əsasında xüsusi ərazi vahidi yaransın. Mərkəzi rayon təcrübəsi başqa paytaxtlarda da var”.
Həmsöhbətimiz onu da vurğuladı ki, paytaxtda tarixi qədim olan tikililərin yanında yeni şüşəli binaların inşası, qədim memarlıq tərzi ilə uyğunlaşmır: "Bakıda 19-cu əsrlərin axırında tikilən binaların yanından keçərkən, 20-ci əsrin ortalarında tikilən binalara yaxınlaşanda biz hiss etmirik ki, başqa bir dünyada başqa bir zəmanəyə gəlib çıxmışıq. Yəni bu tikililər biri-biri ilə vəhdət yaradıb. Bakının üstünlüyü də bundadır. Başqa tarixi şəhərlərə, məsələn, Avropanın mərkəzinə, paytaxt şəhərlərinə baxanda görürük ki, köhnə şəhərlər olduğu kimi qalıb, yanında isə onlara oxşamayan, uyğunlaşmayan, nə memarlıq tərzi ilə, nə də miqyası ilə uyğun gəlməyən, yeni-yeni şüşədən binalar tikilib. Mən həmin görüşdə belə bir təkliflə çıxış etdim ki, Bakının tarixi mərkəzinin sərhədləri müəyyənləşsin və onu Bakı Şəhər İcra Hakimiyyəti tərkibində ayrıca mərkəzi rayon kimi qəbul etsinlər”.
Günel CƏLİLOVA