Dilimizdə “hörümçəyi” “spayder” adlandırmaq kimin “ağlının” kəşfidir?..

Azərbaycan dilinin sonuncu orfoqrafiya lüğətindən “hörümçək” sözü çıxarılıb. Bu barədə tanınmış jurnalist Qulu Məhərrəmli məlumat paylaşıb. O bildirib ki, “hörümçək” sözünün əvəzinə lüğətə “spayder” sözü salınıb: “İki akademikin (Möhsün Nağısoylu və İsa Həbibbəyli) başında turp əkdiyi orfoqrafiya lüğətinin qüsuru təkcə “hörümçək” olsaydı, bizim nə dərdimiz…”.
Qeyd edək ki, 2021-ci ildə “Elm” nəşriyyatında çapdan çıxan lüğətə 90 minə yaxın söz daxil edilib. Lüğətin elmi redaktoru AMEA-nın həqiqi üzvü Möhsün Nağısoyludur.
“Hörümçək” sözünün “spayder” sözü ilə əvəz olunması ictimaiyyət arasında narazılığa səbəb olub.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin humanitar işlər üzrə müşaviri, AMEA Dilçilik İnstitutunun sabiq direktoru Möhsün Nağısoylu “hörümçək” sözünün 2021-ci ildə nəşr olunan “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən çıxarılmasına və “spayder” sözü ilə əvəz olunmasına aydınlıq gətirib.
M. Nağısoylu APA-ya bildirib ki, spayder təkcə hörümçək mənasını vermir: “Spayder həm də, “Yeni sözlər, yeni mənalar” lüğətinə əsasən, açılan-bağlanan kuza növüdür. Hörümçək sözü təsadüfən buraxılıb. Amma hörümçəkkimilər var. Yəni hörümçək sözü lüğətdən çıxarılmayıb. Bu lüğəti 12 nəfər hazırlayıb. Mən elmi redaktoruyam. Məndən başqa iki nəfər məsul redaktor var. Lüğətdə təsadüfən bir söz olmayanda faciə olur? Biz əcnəbi sözlər əvəzinə milli sözlər daxil etməyə çalışmışıq. Dünyanın bütün lüğətlərində səhv olur. 90 min sözdən bir söz təsadüfən getməyib. Bu qəsdən olmayıb”.
- İsmayıl Məmmədli: “Hörümçək” sözünün lüğətə salınması yaddan çıxıb”
Orfoqrafiya Lüğəti kitabının məsul redaktoru, filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli bildirdi ki, “hörümçək” sözünün lüğətə salınması yaddan çıxıb: “Lüğətin tərtib olunması zamanı işçi qrup yaradılmışdı. Üzvləri gənclər idi. Ola bilsin ki, onlar “hörümçək” sözünü lüğətə daxil etməyi unudublar. “Hörümçək” sözü yoxdursa, “hörümçəkkimilər” sözü necə ola bilər ki? “Spayder” sözünə gəldikdə, o söz ingilis dilindən tərcümədə hörümçək mənasını versə də, əslində minik avtomobillərində yığılan (bəzən açılıb götürülə bilən) dama malik, iki yan qapılı və bir və ya iki sıra oturacaqlı kuzov növünə deyilir. Həmin hissə hörümçəyə bənzədiyi üçün “spayder” adlandırılır. Buna siz müəllifi olduğum “Yeni sözlər, yeni mənalar” lüğətində də rast gələ bilərsiniz”.
- Nəsimi adına Dilçilik İnstitutu: “Azərbaycan dilinin orfoqrafiya lüğətində “hörümçək” sözünün verilməməsi texniki qüsur kimi qəbul edilməlidir”
Nəsimi adına Dilçilik İnstitutundan bildirildi ki, Azərbaycan dilinin orfoqrafiya lüğətində “hörümçək” sözünün verilməməsi texniki qüsur kimi qəbul edilməlidir: “Akademik İsa Həbibbəyli lüğətin nə tərtibçisi, nə redaktoru, nə də rəyçisidir. Onun adının hallandırılması məqsədli xarakter daşıyır. Lüğətin elmi redaktoru akademik Möhsün Nağısoylu, məsul redaktorları filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli, filologiya elmləri doktoru Nəriman Seyidəliyev, rəyçiləri filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Qəzənfər Kazımov, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Əliyeva və mərhum professor Buludxan Xəlilovdur”.
Günel CƏLİLOVA