Məişət zorakılığından əziyyət çəkənlərin sığınacaqları - cəmi bir neçə ədəd...

Zorakılığın cinsi yoxdur. Lakin qadınlara qarşı istər fiziki, istərsə də psixoloji şiddət hər zaman daha çox olub. Bəzən bu şiddətin səbəbkarı elə qadınların özü olur. Necə? Hər şeyə dözərək, göz yumaraq. Bəlkə də həyat yoldaşları və ya valideynlərindən asılı olduqları üçün. Ailə qurmaq üçün kişidən əvvəl qadın tək yaşamağı bacarmalıdır. Bunu əvvəlcə özü, daha sonra isə dünyaya gətirəcəyi körpəsi üçün etməlidir.
Məlumatlara görə, ölkənin rayonlarında, kəndlərində hər gün yüzlərlə qadın həyat yoldaşı, ailə üzvləri tərəfindən fiziki təzyiqə məruz qalır. Bütün bunlar ailənin içində qalır, rəsmi qurumlara şikayətlər edilmir. Beləliklə, qadınlar zorakılığın qurbanı olur.
Ailəsi tərəfindən zorakılığa məruz qalanlar çıxış yolunu bəzi hallarda hüquq-mühafizə orqanlarına müraciət etməkdə görür. Bəzi qadınlar sığınacağa üz tuturlar. Məlumat üçün bildirək ki, ölkədə 10-dan çox sığınacaq var. Həmin sığınacaqlar da vətəndaş cəmiyyətlərinə məxsusdur. Rəsmi qadın sığınacaq mərkəzi isə birdir.
Maraqlıdır, zorakılığa məruz qalanlar üçün sığınacaqların sayını necə artırmaq olar?
- “Zorakılığa məruz qalanlar üçün sığınacaqlar tək paytaxtda deyil, bütün rayonlar üzrə yaradılmalıdır”
“Vəfa” Sosial İctimai Birliyinin sədri Fatimə Hacıbəyli qeyd etdi ki, hazırda məişət zorakılığından əziyyət çəkənlər üçün sığıncaqların sayı azdır: “Bir sıra ölkələrdə dövlət sığınacaqları mövcuddur. Ölkəmizdə dövlət sığınacaqlarının yaradılmasına ehtiyac var. Bu sığınacaqlara məişət zorakılığından əziyyət çəkənlər gəlir. Ümumiyyətlə, hər xırda konfliktə görə sığınacağa gəlmək düzgün deyil”.
Həmsöhbətimiz hesab edir ki, sığınacaqların tək paytaxtda deyil, bütün rayonlar üzrə yaradılmasına ehtiyac var: “Nəzərə almaq lazımdır ki, bəzi şəxslər rayondan Bakıya gələ bilmir. Bu cür şəxsləri də nəzərə alıb, bölgələrdə də dövlət sığınacaq mərkəzi yaradılmalıdır.
Ümumiyyətlə, Azərbaycan mühiti üçün düşünmə evlərinin yaradılmasına ehtiyac var. Əgər orada təqib yoxdursa, sadəcə başqa şəxslərin müdaxiləsi ilə ailədə problem yaranıbsa, həmin düşünmə mərkəzində mütəxəssisin köməkliyi ilə o şəxs öz həyatına yenidən baxa bilər, ailə münasibətlərində baş verən hadisələrin təhlili üçün imkan yaranar. Təhlükəsiz sığınacaq isə dövlət sığınacağı olmalıdır. Düzdür, vətəndaş cəmiyyəti olaraq bizdə təhlükəsizlik tədbirləri üçün şərait yaradılıb. Ancaq böyük təhlükələr üçün dövlət sığınacaqlarının yaradılması vacibdir”.
Birlik sədri onu da əlavə etdi ki, bu gün məişət zorakılığından əziyyət çəkənlərin sayı az deyil. Onların arasında elələri var ki, QHT-lər tərəfindən yaradılmış sığınacaq mərkəzlərindən xəbərləri yoxdur, ya da həmin mərkəzlərin dövlət nəzarətində olmadığını bildiyi üçün ora getməyə ehtiyat edir. Bu səbəbdən dövlət sığınacaq mərkəzlərinin sayının artırılmasına ehtiyac var: “Hansısa zorakılığa, şiddətə məruz qalan biçarələr, ən azı, küçələrdə qalmaz, pis yollara düşməz, ölkədən getməz, intihar etməzlər. İnsan əlacsız, ümidsiz qaldıqda, döyəcəyi qapı olmadıqda təhlükəli addımlar ata bilər. Belə sığınacaqlar fəaliyyət göstərərsə, o da mümkündür ki, köməksiz şəxs daimi sığınacağın sakini olmasın. Müəyyən bir müddətdə özünü toparlayandan sonra geriyə qayıtmaq imkanı qazansın”.
Günel CƏLİLOVA