Akvaparkları, hovuzları “sahibkarlıq subyektidir” deyərək gigiyenik yoxlamalara bağlayanlar kimlərdir…

İsti yay günlərində insanlar istirahət etmək üçün dənizlə yanaşı, hovuzlara da üz tuturlar. Məlumdur ki, pandemiya dövründə xarici ölkələrə istirahətə getmək sərfəli olmadığı üçün ölkə daxili su istirahət mərkəzlərinə təlabat artıb. Xüsusilə də, uşaqlar su atraksionlarından istifadə etməyi sevir. Belə olduğu halda hovuzlarda olan hər bir atraksion xüsusi məhlulla təmizlənməlidir. Məlumatlara görə, su istirahət mərkəzlərində sahibkarlar gigiyenik qaydalara tam şəkildə riayət etmir.
Məlumat üçün qeyd edək ki, akvapark, hovuz və su attraksionlarının yerləşdiyi məkanlar sahibkarlıq subyekti sayılır. Sahibkarlıq subyektlərində yoxlamalar dayandırıldığından, belə məkanlarda ərazi üzrə gigiyena və epidemiologiya idarələri tərəfindən heç bir yoxlama aparılmır.
Onu da nəzərə almaq lazımdır ki, koronavirus infeksiyası təhlükəsi hələ də davam edir. Belə bir ərəfədə hovuz, su atraksion və akvaparklarda yoxlanma niyə aparılmır?
- “Su istirahət mərkəzlərində sahibkar müştəridən ödəniş tələb etdiyi kimi, müştəri də hovuzun sanitar-gigiyenik vəziyətinə dair sahibkardan sənəd tələb etməlidir”
Terapevt Vahid Əliyev bildirdi ki, insan suya girəndə ağzına su dolur: “Əgər həmin şəxs koronavirus daşıyıcısıdırsa, yaxud xəstəsidirsə, onun tüpürcəyi də virusludur. Bu səbəbdən su istirahət mərkəzləri mütamadi olaraq dezinfeksiya olunmalıdır. Xüsusi məhlullarla hovuz, su atraksionları təmizlənməlidir. Hovuzlar xlorlanmalı, sular tez-tez dəyişdirilməlidir. Bütün bunlara əməl olunmasa, hovuzlar infeksiya mənbəyi ola bilər”.
Həmsöhbətimizin sözlərinə görə, su istirahət mərkəzlərində sahibkar müştəridən ödəniş tələb etdiyi kimi, müştəri də hovuzun sanitar-gigiyenik vəziyətinə dair sahibkardan sənəd tələb etməlidir: “Hovuzlarda suya xlor qatılmalıdır. Əks halda, suda bakteriyaların, bağırsaq çöplərinin olması qaçılmazdır. Bundan əlavə, hovuz suyu vasitəsilə keçən ən təhlükəli xəstəliklərdən biri də dəri xəstəlikləridir”.
Günel CƏLİLOVA