Kanalizasiya şəbəkəsi olmayan yerlərdə tikinti aparmaq qanunsuzdursa... Ekologiya... Nazirliyinin açıqlaması böyük rezonans və suallar doğurdu

“Kanalizasiya şəbəkəsi olmayan ərazidə hər hansı tikintinin, layihənin həyata keçirilməsi qanunsuzdur”. Bunu “Ekspert saatı”nda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin rəisi Mirsalam Qənbərov deyib.
O bildirib ki, bu, subyektiv fikridir: “Layihəni planlaşdıran qurum, sahibkar fikirləşməlidir ki, orada formalaşan tullantı suları necə idarə olunacaq. Əvvəl ərazinin geologiyası, relyefi, mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi nəzərə alınmalıdır. Sonra orada layihələr icra oluna bilər. Əfsuslar olsun ki, keçmişdən qalan bu problemləri hələ də yaşayırıq. Ona görə də payız, qış aylarında görürük ki, ərazilər nə vəziyyətdədir. Mərkəzləşmiş kanalizasiya şəbəkəsinin olmaması, həmin ərazidə həddən artıq tikinti işlərinin aparılması, yaşayış massivlərinin salınması bizi bu problemlərlə üz-üzə qoyur”.
Qeyd etdiyimiz kimi, kanalizasiyası olmayan ərazidə hər hansı bir tikilinin olması qanunsuzdur. Bununla bağlı müvafiq işlərin aparılması gözlənir.
Maraqlıdır, qanunsuz sayılan tikililərin taleyi necə olacaq?
- “Texniki baxımdan kanalizasiya xətlərinin çəkilməsi mümkün deyilsə, o zaman həmin şəxslərin kompensasiya hüququ...”
Məsələ ilə bağlı fikir bildirən Natiq Cəfərli qeyd etdi ki, infrastrukturla bağlı problem olan yerlərdə tikintiyə icazə verən qurumlar məsuliyyət daşıyır: “Məlumdur ki, insanlar həmin yerlərdə özlərinə şərait qurublar. Kommunal ödənişlərini də edirlərsə, onların orada mülkiyyət hüquqları yaranıb. Beynəlxalq qanunvericilikdə qeyd edilir ki, insanlar məskunlaşıblarsa və qurumlar şərait yaradıblarsa, o insanların mülkiyyət hüququ var. Həmin tikililərin taleyi ilə bağlı iki yol var. İlk olaraq, hökumət həmin yerlərdə yeni kanalizasiya xətlərinin çəkilməsi ilə bağlı layihələr həyata keçirərək bu problemi həll etməlidir. Yox, əgər texniki baxımdan kanalizasiya xətlərinin çəkilməsi mümkün deyilsə, o zaman həmin şəxslərin kompensasiya hüququ və başqa yerlərə köçmək haqqı yaranır. Belə evlərin sayı həddindən artıq çox olduğu üçün, artıq xərc yarana bilər. Bu səbəbdən də yaxşı olar ki, aidiyyəti qurumlar kanalizasiya xətlərinin infrastrukturunun yaradılması haqqında düşünsünlər. Elə etmək lazımdır ki, vətəndaşlar bundan narazı qalmasınlar. Onların yaşayışını lazımi səviyyədə təmin etmək lazımdır”.
Günel CƏLİLOVA