Bakı və Abşeronda 40 yaşdan yuxarı iynəyarpaq ağacların quruma sirri – İşçi Qrup yaradıldı

Uşaq vaxtından bizə təbiəti qorumağı, ona ziyan verməməyi öyrədiblər. Xüsusilə də ağacların qorunması, yaşıllıq zolaqlarının genişləndirilməsi ilə bağlı faydalı məsləhətlər veriblər. Amma görünən odur ki, hər kəs öyrədilənlərə əməl etmir. Belə ki, şəhərin bir çox yerində qurumuş ağaclar var və həmin qurumuş ağacların kəsilməsi planlaşdırılır.
Bakı və Abşeron yarımadası ərazisində aparılan müşahidələr göstərir ki, son zamanlar bəzi ərazilərdə yaşı 40-dan yuxarı olan iynəyarpaqlı ağaclar quruyur.
- “…nümunələr götürülərək analiz olunması üçün laboratoriyaya göndərilib”
Yaşı 40-dan yuxarı olan iynəyarpaqlı ağacların nə səbəbdən quruması ilə bağlı fikir bildirən AMEA-nın Mərkəzi Nəbatat Bağının direktoru Vahid Fərzəliyev qeyd etdi ki, ağacların quruma səbəbinin müəyyənləşdirilməsi, fitosanitar vəziyyətin qiymətləndirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirlikləri, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat Birliyi və Mərkəzi Nəbatat Bağının əməkdaşlarından ibarət İşçi Qrup yaradılıb: “İşçi Qrup tərəfindən Bakı və Abşeron yarımadası ərazisində monitorinqlər həyata keçirilib. Monitorinqlər zamanı Bayıl yamacının şimal və cənub hissəsində, Mərdəkan qəsəbəsindəki Sergey Yesenin küçəsində, Buzovna qəsəbəsinin müxtəlif ərazilərində, Nərimanov rayonundakı Aşıq Molla Cümə küçəsində, Nizami rayonu ərazisindəki park və yaşıllıqlarda çoxlu sayda Eldar şamı, leylandr və həmişəyaşıl sərv kimi iynəyarpaqlı ağacların quruduğu, bəzilərinin isə yarıqurumuş vəziyyətdə olduğu müəyyən edilib”.
V.Fərzəliyevin sözlərinə görə, ağacların quruma səbəbinin müəyyən olunması məqsədilə onların gövdəsindən, yarpağından və torpaq örtüyündən nümunələr götürülərək analiz olunması üçün laboratoriyaya göndərilib: "Mütəxəssislər tərəfindən rəy verilib ki, kök üstə qurumuş və bioloji inkişafı dayanmış ağaclar mövsümdə yeniləri ilə əvəzlənməsi şərtilə götürülsün. Yarıqurumuş ağacların isə budanması və analizin nəticələrindən asılı olaraq, zərərvericilərə qarşı mübarizə məqsədilə dərmanlanması qərara alınıb”.
Günel CƏLİLOVA