Paytaxtın meyvə-tərəvəz bazarları dəhşətli antisanitariya və epidemiya mənbəyinə çevrilir - Pandemiya təhlükəsi hələ sovuşmayıb…

İnsanların kütləvi halda toplaşdığı kənd təsərrüfatı məhsullarının satış obyektlərində virusa yoluxma risqi də yüksəkdir. Ötən həftə Şəki bazarında 18 nəfərin koronavirusa yoluxması bunu bir daha təsdiq edir.
Danılmaz faktdır ki, paytaxtın əksər bazarında antisanitar vəziyyət hökm sürür. Nə satıcılar tövsiyə edilən sosial məsafəni gözləyir, nə də alıcılar. Tibbi maskadan istifadə edilməməsi isə təhlükəni daha da artırır.
Xüsusən də ət və ət məhsullarının açıq hava şəraitində, üzərində milçək və böcəklərlə olması vəziyyəti daha da ciddiləşdirir.
Nəzərə almaq lazımdır ki, Şəki bazarında kütləvi yoluxma həm də həyəcan siqnalıdır. Yəni bazarlar insanların ən çox toplaşdığı məkanlar olduğundan, belə yerlərdə qaydalara daha çox əməl etmək zərurətə çevrilir.
Onu da qeyd edək ki, Bakıda yoluxmanın statistikada 51 faiz təşkil etdiyini və yüksək yoluxma risqli şəhər olduğunu nəzərə alsaq, burada yerləşən bazarları da eyni aqibət gözləyirmi? Yəni Bakıdakı bazarlar virusa görə karantinə bağlana bilərmi?
- “Bazarlara dövlət qurumlarının nəzarəti ilə yanaşı, ictimai nəzarət də tətbiq edilməlidir”
İnfeksionist Namiq Nəbiyev bildirdi ki, bazar, marketlər, ictimai nəqliyyat yoluxma risqinin daha yüksək olduğu məkanlardır. Bu yerlərə dövlət qurumlarının nəzarəti ilə yanaşı, ictimai nəzarət də tətbiq edilməlidir. Əks halda, ölkəmizdə koronavirus pandemiyası ilə mübarizədə əldə edilən nailiyyətlərə kölgə düşə bilər: “Nəticədə isə karantin rejimi yenidən sərtləşdirilər ki, bunu da yəqin heç kim arzulamır. Odur ki, kiçik məsuliyyətsizlikdən böyük təhlükələr yaratmayaq”.
Həmsöhbətimiz onu da vurğuladı ki, dövlət situasiyadan asılı olaraq, işin gedişi boyu bazarlar və digər iaişə obyektləri ilə bağlı müəyyən tədbirlər görə bilər: “Əsas məqsədimiz pandemiyadan az itkilərlə çıxmağımızdır.
Hansısa epidemioloji yoluxma ocağı və artması üçün şərait varsa, bununla bağlı tədbirlər görülə bilər. Hələ karantindəyik və bu qanunlarla yaşayırıq. Karantin tələb etdyi halda, təbii ki, sərt və yumşaq qanunlar da ola bilər".
Günel CƏLİLOVA