16/12/2019 03:00
728 x 90

Avropa məkanında Paşinyanla devrilmiş Sarkisyanın məkrli “dialoq oyunu” – saxta Ermənistan demokratiyası təbliğ edilir...

Arzuxan Əlizadə: “Paşinyanla Sarkisyanın Avropada “duelə” çıxmasının başlıca səbəbi nüfuz uğrunda mübarizədir”

img

Məlum olduğu kimi, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Xorvatiyada, ölkənin hazırkı Baş naziri Nikol Paşinyan İtaliyada səfərdədir. Hər iki şəxs Ermənistanın Azərbaycana təcavüzünü müdafiə edir və buna haqq qazandırır. Sabiq prezident Serj Sarkisyan təcavüzü müdafiə etməklə yanaşı, Azərbaycan ərazilərinin işğalında birbaşa iştirak edib.

Diqqətçəkən məqam odur ki, Avropa ölkələrində səfərdə olan bu iki erməni bir-birinin “bostanına” daş atmaqdan geri qalmırlar. Xüsusən də ötən il ölkədə baş verən “məxməri inqilaba” fərqli müstəvidən yanaşıblar. Sarkisyan Zaqrebdə keçirilən Avropa Xalq Partiyasının qurultayındakı çıxışında bildirib ki, Ermənistanda demokratiya və konstitusiya normaları pozulur. O, indiki populist insanların hakimiyyətə gəlməsində öz günahını da etiraf edərək bildirib ki, Paşinyan hökuməti heç bir inqilabi dəyişikliklər həyata keçirməyib: “İlyarım əvvəl hakimiyyətə gələnlər ölkənin daxili və xarici siyasətinə heç bir inqilabi dəyişiklik gətirməyib. Əksinə, respublikada demokratiya və konstitusiya normaları kobudcasına pozulur. Məhkəmə hakimiyyətinin funksiyaları aşkar şəkildə iflic edilib, siyasi təqiblər baş alıb gedir. Dözümsüzlük və nifrət narahatlıq doğuracaq həddə çatıb”.

Sarkisyan bildirib ki, Paşinyana özünə sərf edən müxalifət lazımdır, Sarkisyan və Köçəryanı isə siyasətdən uzaq tutmağa çalışır.

Paşinyan isə İtaliya səfəri zamanı baş verən hakimiyyət dəyişikliyinə haqq qazandırıb. Bildirib ki, guya bu, ölkənin inkişafına yol açıb. Eyni zamanda, əvvəlki hakimiyyəti kəskin tənqid edərək ölkənin düşdüyü vəziyyətə görə onları ittiham edib.

Bütün hallarda, Paşinyanla devrilmiş Sarkisyanın Avropada bu cür siyasi oyun oynamasının mahiyyəti nədir?

  • “Hər iki tərəf bir-birinin ünvanına danışmaqla Avropadan dəstək almağa çalışır”

Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, burada bir sıra məqsədlər ola bilər: “Paşinyanla Sarkisyanın Avropada “duelə” çıxmasının başlıca səbəbi nüfuz uğrunda mübarizədir. Məsələ ondadır ki, Ermənistanda iki klan arasında mübarizə davam edir. Hər vasitə ilə tərəflər bir-birilə çarpışır. Ermənistanın sabiq prezidenti Robert Köçəryanın həbsdə saxlanması “Qarabağ klanı”nın imkanlarını məhdudlaşdırıb. Serj Sarkisyan hakimiyyətdən Köçəryanla müqayisədə 10 il sonra uzaqlaşdığı üçün xalq arasında nüfuzu yoxdur. Ancaq Köçəryanın içəridə olması səbəbindən “Qarabağ klanı” Sarkisyanı qabağa verib. O səbəbdən Sarkisyan yenidən fəallaşıb və hər fürsətdə Paşinyan hakimiyyətini kəskin tənqid edir. Paşinyan isə aprel döyüşləri ilə bağlı Sarkisyanı istintaqa cəlb etməyə çalışır. Görünən odur ki, Paşinyanın populist vədləri onun populyarlığını cəmiyyətdə aşağı salıb. Rəqib tərəf də bundan istifadə etməyə çalışır. Hər iki tərəf bir-birinin ünvanına danışmaqla Avropadan dəstək almağa çalışır. Bunun əsas mahiyyəti bundan ibarətdir”.

Vidadi ORDAHALLI

Son xəbərlər