Yanvarın 29-da ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Prezident İlham Əliyevə zəng edib. Bu barədə məlumatı Prezidentin Mətbuat Xidməti yayıb. Bildirilir ki, söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən enerji təhlükəsizliyi, təhlükəsizlik sahəsində əməkdaşlıq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi müzakirə edilib.
Boltonun İlham Əliyevə etdiyi qəfil telefon zəngi bir çox mətləblərlə bağlı müqayisə aparmaq üçün əsas vermiş olur. Əvvəla onu qeyd edək ki, Bolton ABŞ administrasiyasında sıradan biri deyil, bu supergücün siyasətinin müəyyənləşməsində önəmli rola malik olan adamdır. O üzdən belə bir ranqda olan şəxsin İlham Əliyevlə təmasa təşəbbüs göstərməsi Azərbaycana verilən önəmin göstəricisi sayıla bilər. Yayılan rəsmi məlumatdan da görünür ki, İlham Əliyevlə Bolton arasında aparılan söhbətin mövzusuna Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin müzakirəsi də daxil olub. Hətta bu məlumat verilməsəydi belə, aydındır ki, İlham Əliyev istənilən ranqda keçirdiyi görüşlərdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövzuya mütləq mənada toxunur. Biz bunu hətta İlham Əliyevin ölkə daxilində keçirdiyi görüşlər zamanı da müşahidə etmişik. Elə bir çıxış olmayıb ki, İlham Əliyev Dağlıq Qarabağ konflikti və onun həlli perspektivlərindən danışmasın. Ölkə başçısı birmənalı olaraq vurğulayır ki, Dağlıq Qarabağ konflikti Azərbaycan dövlətinin qarşısında duran həlli vacib məsələdir. Təbiidir ki, Azərbaycan artıq qlobal mahiyyət daşıyan bu problemin həlli məsələsində beynəlxalq birlikdən də kömək gözləyir. Çünki artıq konfliktin düyününün açılması üçün mütləq mənada superdövlətlərin müdaxiləsi zəruridir. ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində üzərinə mühüm öhdəlik götürmüş dövlətdir. Uzun müddətdir ki, problemin həlli ilə məşğul olan Minsk Qrupuna həmsədrlik edir. Boltonun ölkə başçısı ilə təmasa göstərdiyi təşəbbüs digər məqamların təhlili baxımından da maraqlı görünür. Bu zəng poroblemin həllinə ümidlərin artdığı bir dönəmə təsadüf edir. Çünki hazırda bir çox ekspertlər əminliklə bildirir ki, qədəm qoyduğumuz il Dağlıq Qarabağ münaqişəsinin həllində həlledici olacaq. Biz oxşar məzmunlu açıqlamaları hətta bir sıra dövlətlərin rəsmilərinin dilindən də eşitmişik. Azərbaycanla qonşu olan ölkələr Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı daha korrekt və birbaşa Ermənistanı ittiham edən açıqlamalarla çıxış ediblər. Bütün bunlar problemin həlli ilə bağlı məsələdə Azərbaycanın əlverilşli mövqeyə yiyələndiyini şərtləndirmiş olur. Bu zəng, eyni zamanda, Ermənistan hakimiyyətində təlatümlərin yaşanması ilə eyni perioda təsadüf edir. Bəllidir ki, Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən sonra həmin ölkənin yeni rəhbərliyi daxili və xarici siyasət kursunun dəqiq müəyyənləşdirilməsində ciddi kataklizmlərlə üzləşib. Paşinyan əhaliyə verdiyi seçkiqabağı vədləri, xüsusilə də iqtisadi sahədə dirçəlməni təmin etmək kimi gücə sahib deyil. Xarici siyasətin müəyyənləşməsində isə Ermənistan ABŞ-Qərb-Rusiya arasında var-gəl edir və hələ də hansı tərəfə meyllənməyin məqbulluğu ilə bağlı qeyri-müəyyənlikdən xilas ola bilmir. Faktiki olaraq, bütün bu mənzərə Azərbaycanın Ermənistanla müqayisədə ciddi mövqe və psixoloji üstünlüyü əldə etməsinə dəlalət edir. Eyni zamanda, münaqişənin həlli ilə bağlı məsələdə əvvəl Ermənistanın başına tumar çəkən Rusiyanın hazırda Azərbaycanla mövqelərində yaxınlaşma aydın şəkildə sezilir. Təbiidir ki, Rusiyanın bu fəallığı ABŞ-ın diqqətindən yayınmır. Bu baxımdan da, Boltonun məhz indiki məqamda etdiyi qəfil zəng həm də Vaşinqtonun Cənubi Qafqazdakı maraqlarının təmin olunmasında daha ciddi fəaliyyətə başlayacağından xəbər verə bilər. Bütün bu deyilənlərin fonunda Boltonun Azərbaycan Prezidentinə etdiyi zəngi mühüm edən daha hansı məqamlara toxunmaq olar?
Politoloq Qabil Hüsenli də hesab edir ki, artıq Qərblə Rusiya arasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı rəqabət mühiti yaranıb və Boltonun zənginin başlıca mahiyyəti məhz bu məqamla əlaqəlidir: “Bu mühitin yarandığını Rusiya mətbuatında Dağlıq Qarabağ problemi ilə bağlı şərhlərin və təfərrüatların artıq daha geniş şəkildə verilməsində də görmək olar. ATƏT-in vasitəçilik missiyası olmadan tərəflər bir neçə dəfə görüşüb. Görüşlərin bir qismi ayaqüstü söhbət olsa da, Davos görüşü bunlardan fərqləndi. Bu görüşdə iki ölkənin rəhbərləri Dağlıq Qarabağ probleminin həlli ilə bağlı fikir mübadiləsi apardı. Sonuncu görüş, sözsüz ki, Davos toplantılarını hazırlayan və həyata keçirən qurumun sədri tərəfindən təşkil olunub. Bu da Qərb tərəfinə aid olan bir missiyadır. Bu prosesdə, zənnimcə, Qərb ölkələrinin bir çoxunun, xüsusilə də ABŞ-ın ön plana çıxdığını müşahidə edirik. Ona görə də son zamanlar “Lavrov planı, yoxsa Bolton planı” ifadələrinə yer verilir. Amma hər halda, bu məsələlər daha çox ekspertlərin və jurnalistlərin yaradıcılıq məhsulu hesab olunur. Məsələnin mahiyyəti ondan ibarətdir ki, dondurulmuş proseslərə hərəkət verən, onu intensivləşdirməyə çalışan tərəf Qərbdir. Bir müddət əvvəl Boltonun bölgəyə səfəri bu məsələlərdə sürətləndirici amil rolunu oynadı. Amma Rusiya da heç zaman sakit durmur və bu bölgəyə özünün arxa bağçası kimi baxdığından, prosesləri daim diqqət mərkəzində saxlamağa çalışır. Boltonun təşəbbüsündən sonra Rusiya da hərəkətə gəldi. Kolerov, Tarasov, Duqin və başqaları Dağlıq Qarabağ problemi ilə bağlı həllin sürətlənməsi, hətta bununla bağlı hansısa müddətləri göstərməklə ictimai fikirdə təlatüm yaratmağa çalışır və müəyyən qədər də buna nail olurlar”.
Məhəmmədəli QƏRİBLİ